Milli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR

13 Mart 2025 11:50 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandum, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və Təhsildə Keyfiyyət Təminat Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanıb.

Tədbirdə Elnur Səfərli, əmək və məşğulluq, sosial müdafiə sahələrində Milli Observatoriyanın fəaliyyətini təqdim edib. O, həmçinin bildirib ki, Observatoriya, ali təhsil müəssisələri və təhlil-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək, ali və peşə təhsil müəssisələrinin məzunlarının məşğulluq göstəricilərini təhlil edir və bu sahədə mövcud potensialı gücləndirməyə çalışır.

Tural Əhmədov isə Təhsildə Keyfiyyət Təminat Agentliyinin fəaliyyətini qeyd edərək, təhsilalanların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və ali və orta ixtisas təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin artırılması istiqamətində sistemli işlərin aparıldığını vurğulayıb.

Əməkdaşlıq çərçivəsində Milli Observatoriya, qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilən peşə ixtisasları üzrə fəaliyyət göstərən şəxslərin əmək bazarında məşğulluq səviyyəsini və peşə ixtisasını təsdiq edən sənədin işə qəbul prosesinə təsirini təhlil edəcək.

Həmçinin, tərəflər əmək bazarında ixtisaslar, bacarıqlar və səriştələrə olan tələb və aktual problemlərin şərh edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Birgə əməkdaşlıq, həm təhsil, həm də əmək bazarında daha səmərəli və uyğunlaşmış yanaşmaların tətbiqinə imkan yaradacaq.