Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. SİA xəbər verir ki, məbədlə tanışlıq zamanı ali qonağa bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” demək olar bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda sitayiş etmək üçün buraya gəliblər.
Diqqətə çatdırılıb ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Məlumat verilib ki, 2012-ci ilin sentyabrından Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib.