Zəfərdən Suverenliyə - FOTOLAR

12 Mart 2025 16:25 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Zəfərdən Suverenliyə” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Salahlı, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov, məktəb direktorları, bağça müdirləri və müəllimlər iştirak edib.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz xidmətlərindən, 1993-cü ildə xalqın təkidli çağırışları ilə yenidən hakimiyyətə gələrək Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan bəhs edib.

Çıxış edən Milli Məclisin deputatı Səyyad Salahlı 2025-ci ildə müasir Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu il dönümü olduğunu qeyd edib. Əlavə edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov və digər çıxış edənlər: - Arzu Hüseynova, Selcan Məmmədzadə, Elşad Uğurluyev Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar, ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsinin müasir Azərbaycan tarixinin ən mühüm hadisəsi olduğundan söhbət açıblar.