"Milli bayramımız olan bahar ətirli Novruz millətimizin minilliklər boyu topladığı ən zəngin milli-mənəvi dəyərlərini, folklorunu özündə ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis Sədrinin müavini Musa Qasımlı deyib.
O bildirib ki, saflıq, bərabərlik, birlik bayramı olan Novruz ölkəmizin hər yerində, xaricdə yaşayan azərbaycanlıların ailələrində və qardaş Türk dünyasında geniş şəkildə bayram edilir: "Son illərdə biz Novruz bayramını tamamilə fərqli əhval-ruhiyyədə keçiririk. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində İçəri şəhərdə Qoşa Qala qapısında Novruz tonqalı qalanarkən çıxış edərkən Ulu Öndər deyərdi ki, biz ölkəmizin ərazisini işğalçılardan azad, hüdudlarını bərpa edəcəyik. Sonrakı illərdə cənab Prezidentimiz İlham Əliyev də bütün çıxışlarında torpaqlarımızın işğaldan azad ediləcəyini və Novruz tonqallarının həmin ərazilərdə qalanacağını deyirdi. Bu sözlərin hamısı artıq yerinə yetirilib. Tariximizin ən unudulmaz hadisələrindən biri 2021-ci ildə Şuşada, 2024-cü ildə isə Xankəndində və digər ərazilərimizdə cənab Prezidentimiz İlham Əliyevin Novruz tonqallarını qalaması oldu. Xankəndidə qalanan tonqal sadəcə Novruz tonqalı deyildi, həmin tonqalda separatçılıq, Ermənistanın "Miatsum" sərsəmləmələri yandırılıb külə döndərildi. Bu gün millətimiz böyük sevinclə heç vaxt olmadığı kimi Novruz bayramını qarşılayır. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız dədə-baba torpaqlarında Novruz tonqalı qalayırlar.
Novruz bayramı ərəfəsində cənab Prezidentimiz İlham Əliyev əfv sərəncamını imzalamaqla yüzlərlə ailəni sevindirir, uşaqların göz yaşlarını silir. Məhkumluqdan azad edilmiş şəxslərin ailələrinə qovuşması cənab Prezidentimizin yüksək humanizmini göstərir.
Novruz bayramının dünya miqyasında tanıdılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidməti vardır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Ən ibrətamiz məsələlərdən biri ondan ibarətdir ki, Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə çoxlu ağac əkilir. Bu, ekologiyanın qorunması istiqamətində örnək olan bir addımdır".