Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. SİA xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlət başçısına və Azərbaycana təşəkkürünü bildirib.
Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq ölkənin Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub, ölkənin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirib.
Alyansın gündəliyində duran məsələlərin Azərbaycanın siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev ölkənin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxunub.
Söhbət zamanı islamofobiyanın bu gün dünyanı narahat edən vacib mövzulardan biri olduğu qeyd edilərək bu xüsusda ölkə ilə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.