Azərbaycanda “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiqlənib

12 Mart 2025 12:53 (UTC+04:00)

Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini, eləcə də hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.