Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqları tərəfindən həm böyüklərə, həm də uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla icra olunur. SİA xəbər verir ki, əməliyyatdan əvvəl və sonrakı periodlarda cərrah-transplantoloqlarla yanaşı pasiyentlərə ixtisaslaşmış qastroenteroloq, hepatoloq, nefroloq, eləcə də uşaq hepatoloqu, uşaq nefroloqu tərəfindən ixtisaslaşmış xidmətlər göstərilir.
2025-ci ilin fevral ayında Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi, transplantoloq Kamran Beydullayev tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyər köçürülərək Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.
Sevindirici haldır ki, 2023-cü ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.
12 dekabr 2008-ci ildə Azərbaycan Respublikası və regionda ilk dəfə qaraciyər transplantasiyası və bu günə qədər 1500-ə yaxın insan üzərində orqan transplantasiyası icra edən komanda Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində uğurla fəaliyyət göstərir.
Uşaq üzərində kifayət qədər təcrübəsi olan anestezioloq və reanimatoloqlardan ibarət briqadanın olması ən kiçik yaş qrupundan olan uşaqlarda da transplantoloji xidmətin göstərilməsinə şərait yaradır. Məhz bu səbəbdən də komandamız tərəfindən 6 aylıq körpəyə qaraciyər transplantasiyası, 4 yaşlı uşağa isə böyrək transplantasiyası uğurla həyata keçirilib. Qürurverici haldır ki, dünya ədəbiyyatında da qəbul olunmuş, eyni seansda 6 yaşlı uşaq üzərində açıq ürək əməliyyatı və canlıdan qaraciyər transplantasiyası Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən ilk dəfə icra olunub.
Donoru olmayan xəstələrə əməliyyat oluna bilmə şansının verilməsi üçün ölkəmizdə ilk dəfə çarpaz orqan transplantasiyası şöbənin mütəxəssisləri tərəfindən başlanılmışdır. Ölkəmizdə ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laparoskopik üsulla Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev tərəfindən icra olunub.