Ailə, qadın və uşaq hüquqlarının təmini və qorunması sahəsində müəyyən boşluqlar var - ANAR BAĞIROV

12 Mart 2025 11:35 (UTC+04:00)

Müasir Azərbaycanda gender, ailə-nikah münasibətləri və cəmiyyətin özəyi kimi ailə bəzən neqativ təsirlərə məruz qalır. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təsirlərlə yanaşı hüquqi savadsızlıq, ailələrə kənar müdaxilələrin olması və bir sıra digər amillər ailə institutuna ciddi zərbə vurur:

“Bu da nəticədə ailələrin dağılmasına səbəb olur”.

A.Bağırov qeyd edib ki, hər bir sahədə olduğu kimi ailə, qadın və uşaq hüquqlarının təmini və qorunması sahəsində də müəyyən boşluqlar mövcuddur:

“Bu boşluqların aradan qaldırılması cəmiyyətin sağlam və davamlı inkişafı üçün vacib amillərdən biridir. Konstitusiyada qeyd olunan məsələlərlə bağlı güclü hüquqi baza yaradılıb və dövlət bu hüquqların qorunmasını əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu sahədə davamlı inkişaf üçün hər bir vətəndaşın, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının birgə səyi tələb olunur. Yalnız bu halda hüquqi dövlət və sağlam cəmiyyət qurmaq mümkündür”.

ARVK sədri əlavə edib ki, Vəkillər Kollegiyası da vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi gender bərabərliyi sahəsində müəyyən işlər görür:

“Belə ki, 2017-ci ildə vəkil korpusunda xanım vəkillərin sayı 15% təşkil etdiyi təqdirdə, hal hazırda bu rəqəm 20%-ə yaxındır”.