Dini Komitə İğdırda iftar mərasimi təşkil edib - FOTOLAR

12 Mart 2025 11:22 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin birgə təşkilatçılığı ilə iftar mərasimi təşkil edilib. Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan və Türkiyənin müvafiq qurumlarının rəsmiləri, türkiyəli deputatlar, qeyri-hökumət təşkilatlarının (dərnəklər) üzvləri, İğdır Universitetinin rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər.

Mərasimdən əvvəl Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunub.

Türkiyə parlamentinin deputatı Cantürk Alagöz iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə olan əlaqələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və doğru təbliği istiqamətində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. C.Alagöz qardaşlıq münasibətlərinin hər zaman davam edəcəyini söyləyərək, iftar süfrəsinin təşkilatçılarına təşəkkür edib.

İğdır valisi Ercan Turan bildirib ki, dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı hər ötən gün daha da güclənir. Həmrəylik, dostluq və xeyirxahlıq baxımından bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayan vali iftarın İğdırda həyata keçirilməsindən məmnunluğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müqəddəs Ramazan ayının bütün İslam dünyası üçün əhəmiyyətinə diqqət çəkərək xalqlar arasında tarixboyu formalaşmış, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" çağırışlarını özündə ehtiva edən dostluq münasibətlərindən danışıb. İftar mərasimində dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşmağın ölkələr və xalqlar arasında sarsılmaz qardaşlıq tellərinin bariz nümunəsi olduğunu deyib.

Qeyd edib ki, bu gün dünyanın çalxalandığı, savaşların, münaqişələrin artdığı bir zamanda İslam aləmində həmrəyliyə, birliyə, qarşılıqlı anlaşmaya daha çox ehtiyac var. Uzun illər azərbaycanlıların müqəddəs dini bayramlarını, o cümlədən Ramazanı müharibə şəraitində, milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı məşəqqətlərlə qeyd etdiyini, 30 il davam edən erməni işğalı nəticəsində məscidlər və ziyarətgahların dağıntılara məruz qaldığını bildirib.

Dini Komitənin sədri beş il öncə Azərbaycan xalqının qazandığı Zəfərin həm də işğal altındakı məscidlərə azadlıq bəxş etdiyini, Qarabağ və Şərqi Zəngəzurdakı məscidlərdən yenidən azan sədalarının yüksəldiyini vurğulayıb.

Türkiyə Diyanət İşləri başqanı Ali Erbaş təşkil edilmiş iftar mərasimini yüksək qiymətləndirərək bu müqqədəs ayda bir araya toplanıb səmimi söhbətin aparılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Ramazan ayı münasibətilə bütün müsəlman aləminə sülh, əmin-amanlıq və tərəqqi arzu edərək ibadətlərin qəbul olmasını diləyib.

Ali Erbaş Ramazan duaları etdikdən sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.