AFFA-nın təşkilatçılığı və Sosial Xidmətlər Agentliyi ilə birlikdə əməkdaşlığı çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı uşaq evində yaşayan uşaqlar üçün təşkil olunan futbol dərsləri uğurla davam edir. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu layihə fiziki inkişafı təşviq etmək, uşaqlara komanda ruhunu aşılayaraq, sosial bacarıqlarını artırmaq məqsədilə həyata keçirilir. İdman dərslərini AFFA tərəfindən ayrılan məşqçi keçir. O, futbol texnikasını öyrətməklə yanaşı, uşaqların həm fiziki, həm də zehni bacarıqlarını inkişaf etdirmələrinə çalışır. Uşaq evlərində futbol dərslərinin davam etdirilməsi uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, onlara gələcəkdə daha yaxşı imkanlar yaratmaq məqsədini daşıyır. Uşaqlar, həmçinin, həmyaşıdları ilə güclü dostluqlar qurur və sağlam həyat tərzi ilə tanış olurlar.