Bahar Muradova BMT-nin qadın haqları üzrə komitəsinin sədri ilə görüşüb - FOTOLAR

12 Mart 2025 02:05 (UTC+04:00)

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində görüşüb BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin sədri Nahla Haidar ilə görüb. SİA-nın məlumatına görə, Bahar Muradova Azərbaycanın komitə ilə sıx işləməkdə maraqlı olduğunu bildirib. O deyib ki, Azərbaycanda qadınların hüquqları sahəsində sürətli inkişaf gedir. Komitə sədri Qadınlara Qarşı Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitəyə hesabatın təqdim edilməsinə az vaxt qaldığını deyərək, son hesabatdakı rəy və tövsiyələrin Azərbaycan tərəfindən diqqətə alındığını, əksəriyyətinin artıq icra edildiyini vurğulayıb. O, yenidən komitəyə sədr seçilmiş Nahla Haidarı Azərbaycana dəvət edib.

Bahar Muradova bildirib ki, Azərbaycan 5 il əvvəl suverenliyi tam bərpa edib və komitə müharibənin qadınlar üzərində yaratdığı fəsadları aradan qaldırma üçün fəaliyyətini davam etdirir. O həmçinin, müharibə nəticəsində 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və taleyindən heç bir xəbər alınmadığını qeyd edərək, bu istiqamətdə həm Ermənistan tərəfi, həm də beynəlxalq təşkilatlarla əlaqəli işləməyin, bu mövzuda konfransın təşkilinin, hətta Ermənistanın hesabatı dövründə gündəmə gətirməyin vacibliyini vurğulayıb.

Nahla Haidar təmsil etdiyi qurumun Azərbaycanla işləməyə sadiq olduğunu bildirib. O əlavə edib ki, Azərbaycanda qadınlar mövzusunda son illər əhəmiyyətli irəliləyiş əldə olunub. Komitə sədri həmçinin, itkin düşmüş qadın və uşaqlarla bağlı məsələnin çox vacib və həssas olduğunu, BMT platformalarında gündəmə gətirilməsinin vacibliyini qeyd edib.

Tərəflər birgə əməkdaşlıq istiqamətində müzakirəni davam etdiriblər.