Rusiyada elektrikli avtomobil satışı...“ölüb”..?

11 Mart 2025 22:04 (UTC+04:00)

...Rusiyada fevralda cəmi 617 yeni elektrik avtomobili satılıb ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə üç dəfə azdır. SİA-nın məlumatına görə, bu barədə “Kommersant” “Avtostat”a istinadən xəbər verir.

Ümumilikdə, 2025-ci ilin ilk iki ayında Rusiya Federasiyasında 1,27 min elektrik avtomobili satılıb ki, bu da bir il əvvəlki nəticədən 63 faiz azdır.

Qeyd edək ki, qeyd olunan dövrdə bütün avtomobil bazarı 9,3 faiz azalaraq 167,11 min ədəd olub.

“Avtostat”ın baş direktoru Sergey Tselikovun sözlərinə görə, elektrik avtomobilləri Rusiyada kök salmır – onlar yalnız şəhər ətrafında səyahət üçün alınır, uzaq məsafələrə isə yox... “Avtodom” diler holdinqinin nümayəndəsi isə bildirib ki, elektrik avtomobillərinin satışlarının azalmasına təkrar emal haqqının əhəmiyyətli dərəcədə artması səbəbindən qiymətlərin məcburi artımı da təsir edib.

“Rolf” hesab edir ki, elektrik avtomobil bazarı, bütün avtomobil bazarı kimi, yüksək avtomobil krediti faizlərindən əziyyət çəkir.

Yanvar-fevral aylarının nəticələrinə görə Rusiyada ən populyar 3 yeni elektrik avtomobili: Zeekr – 464, Evolute – 114, Avatr – 109 ədəd satılıb.

Nazlı Almuradova