Ötən gün ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. SİA mövzu ilə bağlı səfərdə iştirak edənlərin fikirlərini öyrənib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədr müavini, “AXC” TV-nin baş redaktoru, politoloq Niyaməddin Orduxanlı: “Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət müəllimin, ölkənin 24 siyasi partiya rəhbərlərinin, o cümlədən də tanınmış, məşhur Azərbaycanda fəaliyyət göstərən, minlərlə izləyicisi olan YouTube kanallarının rəhbərlərinin, mənim rəhbərlik etdiyim AXC TV-nin baş redaktoru kimi də, Azərbaycanın digər tanınmış politoloqlarının, siyasi şəxsiyyətlərinin iştirakı ilə Əsgəran, Xocalı və Xankəndi şəhərinə səfər təşkil olundu. Çox yüksək səviyyədə bu səfər qiymətləndirilməlidir. Ölkənin konkret olaraq hakimiyyət-müxalifət dialoqunun növbəti bir mərhələsi idi. Birbaşa rəsmi şəxslərin təması idi, yaranmış ümumi müzakirələrin fonunda bu səfər təklif olunmuşdu. Bilirsiniz ki, ondan bir həftə əvvəl yenə də hörmətli Ədalət Müəllimin təklifi ilə Hilton otelində siyasi partiya rəhbərlərinin və YouTube kanallarının rəhbərləri ilə birgə görüş təşkil olunmuşdu. Həmin görüşdə də Ədalət müəllimlə yanaşı, dövlət qurumlarının rəhbərləri iştirak edirdilər və o görüşdə Azərbaycanın, qeyd etdiyim kimi, 24 siyasi partiyası orada təkliflərini, problemlərini, mövcud ictimai-siyasi vəziyyəti müzakirə etdilər. Həmin görüş əsasında da Xankəndinə səfər oldu. Və bu artıq deyim ki, Ədalət müəllimin təşkilatçılığı ilə siyasi partiyaların beşinci səfəri idi. Bu vaxta qədər Şuşaya, Zəngilana, Ağdama və digər işğaldan azad olmuş ərazilərə səfərlər olmuşdur.
Son 30 il ərzində erməni vandalizminin törətdiyi vəhşilikləri, vandalizm aktlarının həyata keçirilməsini ölkənin siyasi camiyası və siyasi rəhbərliyində olan hər bir kəs yaxından izləyə bildi.
Ədalət müəllim bu şöbəyə rəhbər təyin olunduqdan sonra, Azərbaycanın siyasi tarixində iqtidar-müxalifət münasibətlərinin, dialoqunun əsası yaranıb. Bugünə qədər mən sizə deyim ki, bu hallar yox idi. Yalnız Azərbaycanda iqtidarla müxalifəti ATƏT-in hansısa bir nümayəndəsi, bir masa arxasına gətirirdi, görüşdürüdü, müzakirələr aparardı. Amma indi Ədalət müəllim rəhbər təyin olunduqdan sonra, bu təmaslar, dövlət səviyyəsində, xüsusilə cənab Prezidentin tapşırığı əsasında intensiv keçirilir. Fərdi qaydada da Ədalət müəllim verdiyi məlumatlara görə, ardıcıl şəkildə saysız-hesabsız partiya sədrləri ilə, ictimai-siyasi şəxslərlə görüşlər keçirilir. Ölkənin siyasi həyatının müzakirəsi aparılır. Həmin görüşlərdə siyasi təşkilatların, rəhbərlərinin təklifləri dinlənilir, yazılır rəsmi qaydada. Və cənab Prezidentə çatdırılacağını Ədalət müəllim bildirir. Cənab Prezidentin salamlarını çatdırır. Yəni bu, normal Azərbaycanın dövlətcə milli maraqlarının inkişafına, xidmət etmiş milli məsələlərdə, iqtidarla müxalifətin bir arada, bir nöqtədən çıxış etməsi, həmrəy olması, Azərbaycanın dövlətçilik maraqlarına, milli maraqlarına birbaşa xidmət edən amildir. Mən səfəri çox yüksək qiymətləndirirəm”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Bu səfər mənim Xocalıya ilk gedişim idi. Yəni mən və digər partiya sədrlərinin bur çoxu işğaldan azad olunandan sonra ilk dəfə idi ki, Xankəndinə gedirdik. Bu hər bir Azərbaycanlı kimi hamımızın fəxrimizdir. Nəinki siyasətçi kimi, bir Azərbaycan vətəndaşı kimi.
İkinci nöqtəyi nəzərdən əlbəttə ki, gedən hər bir tədbir, müəyyən mənada dialoqun davamıdır. Biz həmişə deyirik ki, bunlar hamısı çox gözəldir. Aparılan siyasi müstəvidə yeni konfiqurasiya, müxalifət-iqtidar, iqtidar-müxalifət dialoqu davamlı olmalıdır və bir daha göstərir ki, bəli, bütün işlərdə dialoq fikrinə getmək olur. Əlbəttə ki, biz istəyirik ki, qalan bütün o vacib məsələlər var, orda da dialoqlar davam etsin”.
Ayşən Vəli