Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil olunub - YENİLƏNİB - FOTOLAR

11 Mart 2025 15:04 (UTC+04:00)

Media nümayəndələri ahılların təqdimatında tamaşaya baxıb, onlarla futbol oynayıb, birlikdə çərşənbə tonqalı qalayıblar. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edib. Media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada ahıllara göstərilən xidmətlərlə əyani tanış olublar.

Qeyd edilib ki, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Burada ahıl şəxslərə stasionar formada sosial xidmətlər göstərilir, onlarla reabilitasiya yönümlü sosial işlər aparılır.

Son illərdə müasir şəraitin yaradıldığı, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpusunun tikilərək istifadəyə verildiyi bu müəssisədə hazırda 230 ahıl şəxs daimi dövlət himayəsində yaşayır. Onlardan 119-si kişi, 111-i qadındır. Müəssisənin ən yaşlı sakininin 92 yaşı var. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur.

Media nümayəndələri ahılların təqdimatında tamaşaya baxıblar, onlarla futbol oynayıblar, birlikdə çərşənbə tonqalı qalayıblar.