Dövlət məktəbi ilə özəl məktəbi arasında nə kimi fərqli və ortaq cəhətləri var? - EKSPERT AÇIQLADI

11 Mart 2025 13:42 (UTC+04:00)

"Özəl məktəblər təbii ki, ödəniş qarşılığında şagird qəbulunu həyata keçirirlər və eyni zamanda özəl məktəblərdə şagirdlər məktəbə qəbul olunarkən müəyyən testdən keçirlər. Çünki, həmin məktəbə ödəniş edən valideyn qarşılığında sabah həmin özəl məktəbdən övladının təhsili ilə bağlı nəticəni tələb edəcək". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, özəl məktəblər ilk olaraq şagirdin biliyini, bacarığını və qabiliyyətini yoxlayır. Daha sonra həmin şagirddə əgər perspektivdə nəticə almaq mümkün olacaqsa, həmin şagirdi qəbul edir. Eyni zamanda özəl məktəblər adından göründüyü kimi valideynlərin vəsaiti hesabına təhsili formalaşdırırlar və eyni zamanda məktəbin, dərs deyən müəllimlərin əmək haqqı məktəbin infrasturukturunu yaxşılaşdırılması ümumilikdə bütün bunlar əlbəttə ki, valideynin vəsaiti hesabına formalaşır: "Özəl məktəblər qeyd etdiyim kimi daha çox nəticəyə fokuslandıqları üçün əlbəttə ki, daha yaxşı müəllim cəlb etməlidirlər. Mən birmənalı olaraq demək istəmirəm ki, özəl məktəbdəki müəllimlər daha yaxşıdır və dövlət məktəblərindəki müəllimlər zəifdir. Dövlət məktəblərimizdə də kifayət qədər güclü pedoqoqlarımız, müəllimlərimiz var. Amma dövlət məktəblərindən fərqli olaraq, özəl məktəblərdə bütün müəllimlərə münasibət kifayət qədər tələbkarlıq baxımından eyni zamanda müəllimin peşəkarlığı baxımından münasibət sərgilənir. Bu baxımdan da özəl məktəbin rəhbəri maraqlıdır ki, onun məktəbində dərs deyən müəllim şagirddən nəticə ala bilsin. O nəticəni almaq üçün də o, keyfiyyətli tədris həyata keçirməlidir. Özəl məktəblərdə infrasturuktur dövlət məktəblərindən kifayət qədər genişdir. Şagirdlər günün demək olar ki, əksər hissəsini özəl məktəbdə keçirirlər və dərs hazırlığı bütövlükdə həm sosial mühit baxımından geniş zamanı əhatə edir. Eyni zamanda qeyd etdiyim kimi həm ev tapşırıqlarının yerinə yetirilməsi, müəllim ilə ünsiyyət daha davamlı olur. Proqram məzmununda da özəl məktəblərdə tam sərbəstlik olmasa da hər halda onların manevr imkanları daha genişdir. Dövlət məktəblərində görürük ki, bir sinifdə bəzən 35 uşaq oxuyur və yaxud 35 uşağa tədris həyata keçirən müəllim üçün nə qədər çətindir. Amma özəl məktəblərdə siniflərin komplektləşdirilməsinə münasibət şagird sayı daha az olur. Bu da imkan verir ki, tədrisi həyata keçirən müəllim həm də fərqliliklərə daha çox zaman ayıra bilsin. Ona görə də mən hesab edirəm ki, təbii ki, özəl məktəblər lazımdır amma biz dövlət məktəblərimizi elə səviyyəyə çatdırmalıyıq ki, onlar özəl məktəblər ilə həm də rəqabət mühitində fəaliyyət həyata keçirə bilsinlər. Özəl məktəblərdə daha çox şagirdlərə bacarıqların daha peşəkar formada tədrisi həyata keçirilir. Özəl məktəblər də bir-birilə rəqabətdə olurlar və bu rəqabətə tab gətirmək üçün davamlı olaraq rəqabət mühitində çalışırlar. Dövlət məktəbləri üçün rəqabət mühiti özəl məktəbləri kimi deyil. Çünki ərazidə yaşayan insan məcburdur ki, övladını məktəbdə oxudacaq. Çünki, onun özəl məktəbə imkanı yoxdursa məcbur olaraq dövlət məktəbinə gedəcək. Əslində biz həm də maraqlı olmalıyıq, təbii ki, hədəfimizdə olmalıdır ki, dövlət məktəbləri özəl məktəblər qədər də olmasa da məzmun baxımından ən azından ona yaxın bir təhsil verə bilsinlər. Özəl məktəblərdə təhsil haqqı bahadır, hamı üçün əlçatan deyil. Hesab edirəm ki, biz dövlət məktəblərində mütləq şəkildə keyfiyyətin daim yüksəlməsi naminə fəaliyyətlər həyata keçirməliyik. Keyfiyyətli təhsilin verilməsində maraqlı olmalıyıq".