"Amerika prezidenti Donalt Trampla Rusiya prezidenti Vladimir Putinin gözlənilən görüşü, əlbəttə ki , Rusiya və Ukrayna arasında davam edən müharibənin sülh yolu ilə həll olunması üçün müəyyən töhvələr verə bilər". Bu sözləri siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, biz burada sülh yolu ilə həll dedikdə, tərəflərin hər ikisinin maraqlarına uyğun olan sülh müqaviləsindən danışa bilmərik: "Təbii ki, əgər sülh olacaqsa, burada daha çox güzəştlərə getmək məcburiyyətində qalan və böyük itkilərə məruz qalan Ukrayna olacaqdır. Çünki biz son dövrlərdə ABŞ-ın konkret və qəti mövqeyini çox yaxşı görürük. Başda Tramp olmaqla Ağ Evin Rusiyanın mənafeyinə uyğun addımlar atması, Rusiyaya sərf edəcək bəyanatlar səsləndirməsi onu göstərir ki, bu gün ABŞ da Ukraynanı çox çətin vəziyyətdə qoydu. Baxmayaraq ki, Qərb ölkələri buna çox ciddi reaksiya verdilər, Ukraynaya yardım etməyə çalışırlar, amma nəzərə almalıyıq ki, bu gün dünyada əsas söz sahibi ABŞ-dır. Hətta burada Avropa da böyük bir əhəmiyyət daşımır. Belə olduğu halda Amerika və Rusiya liderləri öz aralarında bu məsələni həll etməklə özləri üçün bir yol təyin ediblər və bu istiqamətdə irəliləyirlər. Əlbəttə ki, Trampla Putin görüşdükdə aralarında gərginlik ola bilər. Daha çox burada biz müharibənin sonlandırılmasının və hətta Ukraynanın bölüşdürülməsinin şahidi olacağıq".