Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə Komissiya yaradılıb, Komissiyanın tərkibində ixtisas qrupları üzrə İşçi qrupları formalaşdırılıb. SİA xəbər verir ki, Azərbaycan İdman Akademiyasında (AİA) İdman və Xidmət ixtisasları üzrə işçi qrupun ilk iclası keçirilib.
İşçi komissiyasının sədri, AİA-nın rektoru Fuad Hacıyev bildirib ki, sözügedən işçi qrupu 19 ali təhsil müəssisəsinin professor-müəllim heyətindən ibarət 36, həmçinin əmək bazarını təmsil edən 15 şəxs olmaqla, ümumilikdə 51 nəfərdən formalaşdırılıb. Həmçinin rektor görüləcək işlər və dəyişikliklərin zəruriliyi barədə də fikirlərini bölüşüb.
Sonra işçi qrupunun həmsədri, Akademiyanın Tədris üzrə prorektoru Ülkər Babayeva səsvermə yolu ilə İdman və Xidmət ixtisasları işçi qrupu və alt İşçi Qrupunun üzvlərinin təsdiq olunmasını həyata keçirib.
Müzakirələrdə Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək öz təkliflərini səsləndiriblər.
Sonra magistratura səviyyəsində İdman və Xidmət ixtisasları üzrə ixtisaslaşmaların adlarının müəyyənləşdirilməsi məqsədilə növbəti görüşün tarixi müəyyən edilib.