"Bahar bayramı çox qədim zamanlarda yaranıb" - MÜNASİBƏT BİLDİRİLDİ

10 Mart 2025 16:56 (UTC+04:00)

"Dünyanın bütün xalqlarında baharın gəlişi, yaz-tarla işlərinə başlanması münasibəti ilə şənliklər keçirilir, bayram süfrələri açılır, bayram qeyd edilir. Bahar bayramının adı müxtəlif xalqların dilində müxtəlif formalarda səsləndirilsə də, eyni məzmun və məna daşıyır. Məsələn Rusiyada –Pasxa- Maslennitsa, Hindistanda-Xolu, Çuvaşiyada- Akatuy, Udmurtiyada-Qerber, Monqolustanda-Tsaqan-sar, Tatarstanda-Sabantuy, Bolqarıstanda- Kukers, Sloveniyada -Kukerti, Çexiyada-Voraçki, Ukraynada-Malakanda, Moldaviyada-Puluquşorul və s.". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O, bildirib ki, bahar bayramı çox qədim zamanlarda yaranıb, əkinçilərin və maldarların yaz-tarla işlərinə başlamaları ilə bağlı olub: "Qış ayları bitdikdən sonra, dünya xalqları arasında bol məhsul əldə etmək üçün, yaz tarla işlərinin başlamasının təntənəli şəkildə qeyd olunması ilə bağlı olmuşdur.

Bəzi xalqlarda ilk şum şırımının açılması təntənəsi bayram kimi icra olunub. Çində, Taylandda, Dağıstanda ilk şum şırımı bayramı xüsusi təntənə ilə bayram edilib. İlk şum şırımı ilk əvvəl obanın ağsaqqalı tərəfindən həyata keçirilib, sonra bu fəaliyyəti gənclər davam etdirir və ilk şuş şırımı bayram kimi qeyd olunmağa başlayırdı.

Dağıstanda ilk şum (bahar) bayramı

Qədim Misir, Avropa və Asiyanın məhsul bayramları, burada yaşayan xalqların və dinlərin fərqli olmasına baxmayaraq ümumi bir qədim ənənənin varisləridir. Qədim insanlar üçün ilin əsas bayramı yaz dövrünə təsadüf edirdi və yeni ilin başlanması kimi qeyd olunurdu. Daha çox maraq kəsb edən məsələlərdən biri odur ki, qədim adət-ənənələrin bir çox elementləri tamamilə fərqli xalqlar arasında üst-üstə düşür. Bayram ənənələri dinlərin və xalqların fərqli olmasına baxmayaraq uyğunluq təşkil edir.

Qədim zamanlarda məhsuldarlıq, torpaq, yağış və külək tanrılarına bağlı olduğu düşünülsə də, insan həyatının inkişafında suvarma sistemlərinin yaranması ilə əkinçiliyin genişləndirilməsi, iribuynuzlu mal-qaranın əhliləşdirilməsi də böyük əhəmiyyət kəsb edirdi. Şumlamada istifadə olunan yararlı ev heyvanlarının yetişdirilməsi, həm də maldarlığın inkişaf etdirilməsinə səbəb olmuşdu.

Arxeoloji, ikonoqrafik və qismən yazılı mənbələr göstərir ki, əkinçilikdə ev heyvanlarının gücündən istifadə edilməsi eramızdan əvvəl Mesopotamiyada və Nil vadisində IV minilliyin sonu – III minilliyin əvvəllərində istifadə olunmağa başlanmışdı. Hər il də əkinçiliyin başlanmasının ilk günü bayram kimi qeyd edilirdi.

Sonradan bu texnologiya tədricən Qərbdən Şərqə, Qərbi və Orta Asiyadan keçərək Şimali Hindistana və hətta daha da irəliyə gedərək Şimali Çinə yayıldı, burada Sarı çay hövzəsində eramızdan əvvəl I minillikdə qeyd edildi. Amerikanın yerli hindu əhalisi avropalılar gələnə qədər heç vaxt əkinçiliklə məşğul olmamışdılar.

Akatuy- Çuvaş xalqının bahar bayramı

Akatuy bayramını Çuvaş xalqı yaz-tarla işlərinin başlaması günü qeyd edirlər. Bu bayram özündə bir sıra təntənəli mərasimləri birləşdirir. Köhnə Çuvaş həyat tərzində Akatuy bayramı yaz-tarla işləri başlayanda başlanır və yazlıq bitkilərin əkilməsi bitdikdən sonra başa çatırdı. Bayrama hazırlaşanlar qohum-qonşuya xəbər edər, kiçik daxmalarda masa üzərində zəngin süfrə düzəldirlər. Süfrənin (masanın) ortasına xüsusi naxışlı dəsmalın üzərinə çörək və dairəvi pendir olan qab qoyurlar.

Gerber – Udmurt xalqının bahar (şum) bayramı

“Gerba” sözü, “böyümək, yaşıllaşmaq” mənasını verir. Torpaq oyanan vaxtı Udmurtların inancına görə yaşıllıqları məhv etmək, meşədə ağacları qırmaq, budaqların tumurcuqlarını əzməyi günah hesab edərdilər.

Udmurt inancına görə Gerber gəldiyi vaxt səmavi rütubətin məşuqəsi İnvozho-muma göydən enib otların içinə yerləşirdi ki, məhsul bol olsun ona görə məhsul yığımına qədər bitkilərə toxunmaq olmazdı.

Sabantuy-Tatar xalqının ilk şum (bahar) bayramı

Sabantuy tatar xalqının mənşəcə bahar bayramıdır. Sabantuyda ənənəvi əyləncə iştirakçıların şaquli dirəyə dırmaşma yarışı keçirirlər. Yarış iştirakçıları qollarını və ayaqlarını dirəyə sarıyaraq, bütün bədənləri ilə ağaca sarılaraq kimin daha tez ağacın zirvəsinə qalxa biləcəyini öyrənmək üçün yarışdılar. Bayramda şaquli basdırılan sütun, rəngli bayraqlar və ya lentlərlə bəzədilir.

İsıx-Yakut xalqının bahar bayramı.

Yakutiyada iyun ayının 20-də “İsıx” adlı bahar bayramı yəni yazın gəlişi qeyd olunur. Bayramdan üç gün öncə əhali ayın 20-də günəşin çıxmasını görmək üçün meşəyə çadırlarda yaşamağa köçürlər. Ticarətçilər öz satlıq mallarını səyyar çadırlarda yerləşdirir alverlərini səyyar çadırlarda edirlər. Əhali bayram libasında gəzir, deyir-gülür, yeyir-içir şənlənirlər.

Kiçik meydanlarda musiqiçilər folklor musiqiləri və mahnıları ifa edirlər. İsıxda heyvan içalatı farş edilib müxtəlif ədviyyalar vurulur inəyin bağarsağına doldurulur hər metrdən bir iplə bağlanır sonra böyük qazanlara yığaraq qazanı suyla doldurub qaynadırlar. Yemək hazır olanda ətlə dolu bağarsaları qazandan çıxarıb kiçik hissələrə bölərək paylaşaraq yeyir üstündən kımıs içirlər. Hər kəs üzü şərqə tərəf dayanıb günəşin çıxma anını səbirsizliklə gözləyirlər.

Yakutyada günəşin doğulmasının qarşılanması önəmli mərasim hesab olunur. Günəş üfüqdən boylanarkən hamı əlini qaldırıb dua edir, arzularını bildirir, uşaqlar çığırışaraq səs salırlar. Şamanlar dəf çalaraq ucadan oxuyur, ilin bərəkətli olması üçün dualar edirlər".