İnsanlar hansı səbəblərdən aldadılır? - RƏYLƏR

10 Mart 2025 16:25 (UTC+04:00)

“Sosial şəbəkələr müasir dövrdə insanların ünsiyyət, informasiya mübadiləsi və biznes fəaliyyəti üçün əsas platformalardan birinə çevrilib. Lakin bu imkanlardan sui-istifadə edərək insanları aldadan və dələduzluq məqsədi güdən şəxslər də mövcuddur”. Bu sözləri İT mütəxəssisi Elvin Həsənov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, onlar saxta profillər, phishing hücumları, saxta investisiya təklifləri və digər fırıldaqçılıq üsulları vasitəsilə istifadəçiləri aldatmağa çalışırlar: “Bu cür halların qarşısını almaq üçün ilk növbədə, insanlar sosial şəbəkələrdə tanımadıqları şəxslərlə maliyyə əməliyyatları aparmamalı, şübhəli keçidlərə (linklərə) daxil olmamalı və şəxsi məlumatlarını (şəxsiyyət vəsiqəsi məlumatları, kart məlumatları, şifrələr və s.) heç kimlə paylaşmamalıdırlar. Əlavə olaraq sosial şəbəkə istifadə edən istifadəçi platformanın ayarları bölməsindən iki mərhələli autentifikasiya (2FA) sistemi aktiv etməlidirlər”.

Həmçinin məsələ ilə bağlı sosioloq Lalə Mehralı fikirlərini bildirib. Onun sözlərinə görə, aldanmağa meyilli olan insanlar əsasən yaş qruplarından asılıdır: “Gənc nəsili aldatmaq olduqca çətindir. Çünki onların informasiya məlumatlılıqları boldur. Texnoloji imkanlardan yararlanmaq qabiliyyətləri yüksəkdir və onları aldatmaq hardasa mümkün deyil. Belə vəziyyətlərdə daha çox orta və yaşlı nəslin nümayəndələri hədəf qrupu olur. Çünki həmin nəslin insanlarının informasiyaları və texniki bilikləri zəif olur. Bununla yanaşı onların media savadlılıqları yoxdur. Belə olan halda dələduzların toruna yaşlı və orta nəslin nümayəndələri düşür”.

Sosioloq həmçinin qeyd edib ki, insanların mərhəmətindən istifadə edərək aldadan dələduzlarda az deyil: “Bu hər hansı xəstə şəxsin məlumatlarını, yaxud şəklini paylaşaraq insanların mərhəmətindən istifadə edirlər. Yəni biz ora könüllü şəkildə pul köçürürük və elə zənn edirik ki, onun müalicəsinə müəyyən məbləğdə kömək etmiş oluruq. Amma əslində dələduzların toruna düşmüş oluruq. Bu zaman bəzən ağlımıza dələduzluq olduğu gələ bilər, lakin belə vəziyyətlərdə mərhəmətimiz ağlımızın önünə keçir.

Mənim fikrimcə, belə yardım kompaniyalarını icazəli şəkildə etmək lazımdır. Məsələ ilə bağlı əlaqədar icraedici orqan razılıq ərizəsi versin və müəyyən kod yaxud hesab nömrəsi vasitəsilə təsdiq olunsun ki, bu insanın həqiqətəndə özünün, yaxud doğmasının köməyə ehtiyacı var. Belə vəziyyətlərdə aldanma ehtimalıda zəif olar. Bununla yanaşı kart məlumatlarının paylaşılmaması məsələsində maksimum savadlılıq şərtdir. Xüsusilə orta və yaşlı nəslin nümayəndələrinin aldadılması onu göstərir ki, həmin insanların bu barədə savadlılıq səviyyələri sıfır dərəcəsindədir”.