“Hazırda futbolun inkişafı ilə bağlı AFFA tərəfindən müəyyən strategiya planı hazırlanıb”. Bu sözləri SİA-ya açıqlamasında Futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis bildirib ki, bu plan üzrə artıq bir sıra işlər görülür: “Bunlardan biri də növbəti ildən Premyer Liqada komanda sayının artırılması və legionerlərlə bağlı olan limit sayının aradan qaldırılmasıdır. Düşünürəm ki, zamanla hər iki istiqamətdə görülən işlər futbolun inkişafına müəyyən təkan verəcək.
Bununla yanaşı, uşaq futbolunun inkişafı ilə bağlı müəyyən planlar həyata keçirilir. "Barselona" klubunun prezidenti La Portanın ölkəmizə gələrək cənab Prezidentlə görüşməsi də futbolumuz üçün çox önəmli addım idi. Bakıda bu klubun akademiyasının açılması da futbolumuza öz töhfəsini verəcək. Bunun özü də uşaq futbolunun inkişafı baxımından önəmlidir. Belə akademiyaların açılması uşaqların yetişməsi baxımından böyük təkan ola bilər. Buna da müsbət yanaşmaq lazımdır. Hal-hazırda istər AFFA rəhbərliyi tərəfindən, istərsə də digər klublar tərəfindən idmanın inkişafı ilə bağlı müəyyən layihələr həyata keçirilir”.
Müəllif: Həmid Əhədli