Şəhər sakinləri Yel çərşənbəsini necə qeyd edəcək? - SORĞU

10 Mart 2025 14:58 (UTC+04:00)

Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsidir. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.

SİA şəhər sakinləri arasında yel çərşənbəsini necə qeyd edəcəkləri ilə bağlı sorğu keçirib.

Şəhər sakini Aytən Səfərova: "Yel çərşənbəsi hava ünsürü ilə bağlıdır. Çərşənbələr bizə yazın gəlişindən xəbər verir. Bəzi inanclara görə dörd tərəfdən küləyin əsməsi ilə torpaq canlanır. Çərşənbəni ailəmlə birlikdə qeyd edəcəyəm. Tonqal qalamaq da adətlərimizdən biridir. Biz də, yəqin ki, tonqal qalayarıq".

Şəhər sakini Günel Hümbətova: "Bu çərşənbə torpağın canlanmasından xəbər verir. Deyilənə görə bu çərşənbədə ruhlar oyanır və bütün dünyanı gəzir. Yazın gəlişi ilə ağaclar çiçək açır, tumurcuqlayır. Mən də çərşənbəni ailəmlə birlikdə keçirəcəyəm. Süfrə bəzəyəcəyik, tonqal qalayacağıq. Novruz bayramını, çərşənbələri sevirəm".

Şəhər sakini Adil Qasımov: "Bayram münasibətilə hamını təbrik edirəm. Mən tələbəyəm. Sabah, yəqin ki, dərsimə hazırlaşacam. Axşam tonqal qalayarıq, böyük ehtimalla. Yel Çərşənbəsi üçüncü çərşənbədir, yazın gəlişindən xəbər verir".

Şəhər sakini Gülər Əhmədova: "Bayram hamı üçün xeyirli-uğurlu olsun, Allah hamının ruzisini versin. Yel çərşənbəsini də ailəmlə birlikdə keçirəcəm. Novruz bayramı münasibətilə süfrələr bəzənir, tonqallar qalanır, hamı sevinir. Yazın gəlişini biz də belə qeyd edirik".

Şəhər sakini Səkinə İsmayılova: "Çərşənbə münasibətilə hamını təbrik edirəm. İnşallah yeni bayram hər kəsin könlüncə olar. Tonqallar qalanır, süfrələr min bir nemətlə bəzənir. Yazın gəlişində həmişə Azərbaycan xalqı ailə üzvləri ilə birlikdə qeyd edir. Mən də ailəmlə qeyd edəcəyəm".

Şəhər sakini Anar Məmmədov: "Hər bir Azerbaycan vətəndaşını təbrik edirəm. Yel çərşənbəsində yox, amma Novruzun sonuncu çərşənbəsində uşaq vaxtında həmişə qapı pusurduq, papaq atırdıq. Tonqaldan atlanırdıq".

Şəhər sakini Gülşən Məmmədova: "Deyə bilərəm ki, yazın gəlişini martın əvvəllərindən qeyd edirik. Amma çərşənbələri xüsusi olaraq qeyd etmirəm. Hündür binalarla əlaqədar tonqal da görmürəm, kimsə də papaq atmır. Süfrəni isə çərəzlərlə, səməni, meyvə, şirniyyatla bəzəyirəm. Bəzən çərşənbələrdə şam yandırıram".

Şəhər sakini Yusif Yaqubov: "Sabah məktəbə gedəcəyəm. Qayıdandan sonra da ailəmlə birlikdə yel çərşənbəsini qeyd edəcəyəm. Biz tonqal qalamırıq. Süfrəni isə çeşidli ərzaqlar: paxlava, şəkərbura, çərəzlər, meyvələrlə bəzəyirik".