"Gərginliyi aradan qaldırmaq hər iki tərəfə xas göstəricidir" - MÜNASİBƏT BİLDİRİLDİ

10 Mart 2025 13:37 (UTC+04:00)

"Tramp-Putin görüşü ona görə nəzərlərdə yer alır ki, gərginliyin qarşısını alıb, yüngüllük, sabitlik gətirsin. Beynəlxalq münasibətlərə, ilk növbədə ikitərəfli əlaqələrə sabitlik gətirsin". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Amerika ilə Rusiya arasında münasibətlər gərgin olaraq qalır: "Digər tərəfdən dünyada elə qüvvələr var ki, Avropa İttifaqı adından danışırlar. Ona görə ki, Rusiya ilə barışıq heç bir halda ola bilməz, Rusiya işğalçı ölkədir, demokratiya və sülhün qarşısını alan ölkədir və sair. Bu kimi çağırışlar, şüarlar səslənir və avropalılar öz narahatlıqlarını həm də böyük səksəkə yaradan fikirlərlə təmin etmirlər. Onlar bildirir ki, guya, Ukrayna əhvalatı bitəndən sonra Rusiya Baltikyanını, Moldova və digər ölkələri də təhdid edəcək və onlarla bağlı müharibəyə başlayacaq. Burada avropalıların çox böyük yalançı təşvişi var. Çünki Rusiyanın, ümumiyyətlə, Ukraynada keçirdiyi xüsusi əməliyyat onunla bağlıdır ki, həqiqətən də, Ukrayna hakimiyyətinə gələn sağçı qüvvələr həm NATO-ya üzv olmaq niyyətlərini bildiriblər, digər tərəfdən Rusiyanın təsir dairəsindən çıxdılar. Görürük ki, Avropa və Amerikanın siyasi institutları ciddi-cəhdlə Ukraynanı öz təsir dairələrinə götürməyə məqsəd seçmişdilər. Ona görə də, onların istəyi ondan ibarət idi ki, həqiqətən də, daha bir cinahdan Rusiyanın sərhədlərinə yaxınlaşsınlar. NATO, Qərb olaraq yaxınlaşsınlar. Buna görə də Rusiya ilk növbədə özünü sığortalamaqdan ötrü bildirir ki, onun bu vəziyyətlə barışması mümkünsüz olacaq. Çünki hələ Sovet dövründən rəsmi Moskva bildirmişdi ki, Şərqi Avropadan qoşunlarını çıxarır, amma bir şərtlə ki, NATO öz yerindən tərpənməsin. Biz gördük ki, Rusiya qoşunlarını Avropadan geri çağırdı, amma sonradan Sovet İttifaqı dağıldıqdan sonra NATO yavaş-yavaş müxtəlif cinahlardan Rusiyanın sərhədlərinə doğru hərəkətə başladı. Bu son gediş də Ukrayna ilə bağlı idi. Ona görə də, rəsmi Moskva belə bir qərara gəldi ki, əvvəlcə Krımı götürsün, çünki orada Rusiya hərbi donanmasının çox böyük bazası var. O baza Rusiyanın maliyyəsi ilə tikilmişdi, Sovet İttifaqının dövründə salınmışdı. Həm də NATO-nun elə planları var idi ki, həmin hərbi bazanı ələ keçirsin. 14-cü ildə Rusiya əvvəlcə Krımı götürdü, sonra isə 2022-ci ildə müharibəyə başladı. Onun adını da xüsusi əməliyyat qoyurlar. Burada, əlbəttə, böyük gərginlik var. Çünki Rusiya ilə Qərb əzəli düşməndirlər".

"Trampın gəlişi bir qədər Qərb düşərgəsində vəziyyəti dəyişir. Demək olar ki, kollektiv Qərb yox səviyyəsindədir. Buna görə də Tramp anlayır ki, Rusiyanın ən böyük nüvə arsenalı olduğuna görə onunla sövdələşməlidir. Digər tərəfdən də Trampın bu proseslərə baxışı ondan ibarətdir ki, gələcəkdə Amerika Avropanın yükünü üzərinə götürməsin, Avropa nə edəcəksə, özü etsin. Silahlı qüvvələr yaradırsa, yaratsın, cəbhəxana formalaşdırsın, Ukraynaya kömək edirsə, etsin və sair. Yəni özləri bilər. Trampla Putinin danışıqlarında əsas qayə ondan ibarət olacaq ki, ikitərəfli formatda bunların gərginliyi artıq aradan götürülsün. Bir çox məsələlərdə, məsələn, Şimal Buzlu okeanında yolların açılması, kommunikasiyaların formalaşması, mübadilə və strateji sahələrdəki gediş-gəlişin hamısını yeni müstəviyə qaldırsın. Elə başa düşürəm ki, əgər ortada fitnə-fəsad, üçüncü qüvvələrin müdaxiləsi olmasa, Trampla Putin normal tərzdə həm danışıqlara gedə bilərlər, həm də sövdələşə bilərlər. Bunu gözləməyə dəyər. Amma birinci məsələ ondan ibarətdir ki, gərginliyi aradan qaldırmaq hər iki tərəfə xas göstəricidir" - deyə o, əlavə edib.