Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı davam edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi üçün namizədlərin qeydiyyatı prosesinə 20 fevral 2025-ci il tarixindən başlanılıb.
Bildirilib ki, İctimai Şuranın üzvlüyünə namizədlərin qeydə alınması prosesi 20 iş günü müddətində keçiriləcək və 19 mart 2025-ci il tarixində, saat 18:00-da yekunlaşacaq.
İctimai Şuranın üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
Namizədlərə dair tələblər:
İctimai Şuranın üzvlüyünə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər.
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
İctimai Şuranın üzvlüyünə Ədliyyə Nazirliyinin əməkdaşlarının namizədlikləri irəli sürülə bilməz.
Namizədlərin qeydiyyatı:
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
İctimai Şuranın üzvlüyünə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə)
Müraciət formasını Ədliyyə Nazirliyinin rəsmi saytına daxil olmaqla əldə etmək mümkündür.
Namizədin şəxsiyyət vəsiqəsinin surəti
Namizədin tərcümeyi-halı
Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvüdürsə, həmin üzvlüyü təsdiq edən sənədin surəti
Namizədin Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə təcrübə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
Sənədlərin qəbulu və baxılması:
Namizədlərin qeydiyyatı məsələsinə İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən baxılır.
İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar [email protected] elektron poçt ünvanı vasitəsilə təqdim edilə bilər.
Əlaqələndirici şəxs: (Rasim Həsənov: +99412 537 06 40, +99477 631 36 13)