Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə cəza istənilib

10 Mart 2025 10:43 (UTC+04:00)

Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. SİA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Urfan Quliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror əlavə edib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin.

Növbəti proses aprelin 7-ə təyin olunub.

Qeyd edək ki, ittihama görə, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz online qumar və mərc oyunları təşkil edib.

İttihamda qeyd olunub ki, yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsi 29 milyon manatdan artıq olub.

O, bu yolla 3 milyon manatdan artıq qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmada təqsirləndirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) ittiham irəli sürülüb.