Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələlərində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. SİA xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.
Bildirilib ki, Ermənistan münaqişə dövründə beynəlxalq hüquq normalarını pozub:
"Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və edam olunub".
Eyni zamanda vurğulanıb ki, insanlar kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib və qəsdən məhv edilib:
"Bu kimi ağır cinayətlərin törədildiyi nəzarə alınmaqla bundan sonra da bu cür məzarlıqların sayının artması gözlənilir".