Hədiyyələrdən sui-istifadə halları niyə artıb? - MÜSAHİBƏ

10 Mart 2025 09:48 (UTC+04:00)

Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədovanın SİA-ya müsahibəsini təqdim edirik:

- 8 Mart əslində necə qeyd olunmalıdır?

- 8 Mart beynəlxalq qadınlar günü əslində təməli faciə üzərində qoyulmuş bir hadisədir. 1857-ci ildə Amerikanın Nyu-York ştatında qadınların öz iş saatlarını azaltmaq, şəraitlərini yaxşılaşdırmaq məqsədilə bir qrup qadın aksiya keçirir. Polis bu aksiyanın qarşısını almaq istəyir. Bu zaman 129 nəfər qadının faciəli şəkildə ölməsi sonralar bu günü faciə kimi qələmə verməyə şərait yaradır. Faktdır ki, bu, faciə şəraitində olub. Ondan sonra üç ayrı-ayrı illərdə - 1908, 1911, 1914-cü illərdə bu kimi aksiyalar digər ölkələrdə keçirilib. Bunlardan sonra Alman xanım Klara Zetkinin təşəbbüsü ilə bu gün beynəlxalq gün kimi təqvimə salınıb. Əvvəlcə Rusiya bu günü rəsmiləşdirib. Beynəlxalq Millətlər Təşkilatı bir neçə ildən sonra bu günü Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. İndi dünyanın hər yerində bu bayram qeyd olunur. Azərbaycanda isə bu günü təntənəli bayram kimi qeyd edirlər. Bu, faciə üzərində səadət qurmaq mənasına gəlir. Bunu bu səviyyəyə gətirib çıxarmaq heç də düzgün deyildi. Bu gün qadınlar var ki, kafelər, restoranlar bağlatdırıb qruplar şəklində öz bayramlarını qeyd edirlər. Buna kişilər də qarışır. Bu günün gün kimi qeyd olunması düşünürəm ki, bayram olaraq qeyd olunmasından daha əhəmiyyətlidir. Çünki kökündə faciə var. Azərbaycanda bu gün ifrat dərəcəsinə gəlib çıxıb. Hədiyyər, çiçəklər ilə bayram əhvalından da çıxıb. Artıq kimlərinsə biznesinə çevrilib.

- Hədiyyələrdən sui-istifadə halları niyə artıb?

- Torpaqlarımızın işğaldan azad edilməsi ilə 8 Mart Beynəlxalq Qadınlar Gününü müqayisə etmək düzgün deyil. Ona görə ki, 8 Mart ilk dəfə olaraq bayram kimi qeyd olunmayıb. BMT-nin sənədlərində də gün kimi rəsmiləşdirilib. Bu günü sonradan bayram kimi qeyd etmişik. Mən deyirəm ki, 8 Martı gün kimi qeyd edək. O zaman hədiyyələrlə bağlı ifrat dərəcə də baş verməyəcəkdi. Kişilər, analar, uşaqlar günü də ola bilər. Biz sadəcə bunu gün kimi ailə daxilində qeyd edə bilərik. Bütün bunları təkcə qadınlarla bağlamaq olmaz. Əgər bəylər o hədiyyələri almasaydı, qadınlar da bu cür öyrənməyəcəkdi. Bizim Burla Xatun, Həcərimiz, Tomris anamız olub. Onlar heç zaman həyat yoldaşlarından nəsə gözləməyiblər, əksinə onların yanında olublar. Kişilər qılınc götürübsə, qılınc, əmək aləti götürübsə, əmək aləti götürüblər. Qadınlarımızın dəyişərək belə formaya keçməsinin səbəbkarı təkcə qadınlar deyil. Bunun səbəbkarı həm sosial həyatımız, həm də ətrafımızdakı insanlardır. Qadın durduğu yerdə necə səhvlərə yol verə bilər? Qadınların keysəriyyə əməliyyatı olmamasını qeyd edirsiniz. Gəlin, keysəriyyə əməliyyatına aparan yollara, sosial şəbəkələrdə bunun təbliğatına baxaq. Həkimlərin daha çox pul qazanmaq üçün keysəriyyə əməliyyatının reklamını aparmasından danışaq. Analarımızın ana südünün nə qədər əhəmiyyətli olmasını qızlarına aşılamamasından danışaq. Analar özləri qızlarına deyir ki, "fiquran pozular, uşağına ana südü vermə".

- Bəylərin 8 Martda hədiyyə seçimində çətinlik çəkməsinin səbəbi nədir? Bəzən hədiyyə alınır, amma xanım bəyənmir. Xanım hədiyyəni müqayisə edir. Qarşı tərəf üçün hədiyyə necə olmalıdır?

- Bəylər ona görə hədiyyə almaqda çətinlik çəkir ki, öz xanımlarını razı sala bilmirlər. Xanımın həyat yoldaşından hədiyyə gözləməsi elə bir prosesdir ki, bunu dilə gətirməməlisən. Əgər qadının qüruru, özünə hörməti varsa, heç vaxt yoldaşına deməyəcək ki, mənə filan hədiyyəni al. Kişini qadına bir çiçək də ala bilər, imkanı varsa, başqa hədiyyə də ala bilər. Bunlar qapalı şəkildə olmalıdır. İndi bizim qadınlarımız bir neçə gün əvvəldən sosial şəbəkələrdə paylaşırlar ki, həyat yoldaşıma filan hədiyyəni sifariş etmişəm. Hətta seriallarda gördükləri hədiyyələri istəyirlər. Bizim evimizi seriallar, sosial şəbəkələrin üzərində nəzarət mexanizminin olmaması yıxdı. Bir cəmiyyəti məhv etmək istəyirsənsə, onun televiziyasında, ətrafında istədiyini təbliğ et. Sosial şəbəkələrdə istənilən formada bir şeyin təkrar göstərilməsi beynimizə təsir edir. Hər kəsin məfkurəsi eyni deyil. Mən də, mənim qızım da seriala baxır. Mən yetkin insan olduğum üçün orada gördüklərimi həyatıma tətbiq etmərəm. Amma qızım gənc olduğu üçün düşüncəsi zəif ola bilər, oradakıları tətbiq etmək istəyər. Ona görə də, gələcəkdə həyat yoldaşından o şeyləri istəyə bilər. Sosial şəbəkələrdə maşına qırmızı lent bağlayıb verirlər, və sair kimi bu hədiyyələrin paylaşılması qadının özünü hörmətdən salması deməkdir. Həm də kişiləri pis vəziyyətdə qoyması deməkdir. Bir kişinin imkanı çatar alar, digərinin imkanı çatmaz, almaz. Drayzerin "Kerri bacı" əsərini oxumamış olmazsınız. Orada bir cümlə var ki, ikisi də dilənçilikdir: istədim verdilər, verdilər aldım. Əgər qadın həyat yoldaşından, oğlundan, iş yoldaşından dili ilə nəsə istəyirsə, bu artıq dilənçilikdir. Kişi məcbur olur, gedib borc alıb hədiyyəni alır. Mən heç zaman görməmişəm ki, atam anama 8 Martda hədiyyə alsın. Amma o qədər gözəl insan idi, ailəsinin qədrini bilirdi. Əsas xarakterdir. Düşünürəm ki, gül, hədiyyə almaq xarakterdir. Kişilər var ki, xarakterində var, hədiyyə etməyi sevir. Kişi də var ki, hədiyyə etməyi sevmir. Mən kişiyə hədiyyə qaldırmağa çalışan qadınlara üz tutub deyirəm ki, özünüzə hörmət edin. İcazə verin, həyat yoldaşınız özü sizə hədiyyə, gül alıb gətirsin.

- Bəzən də olur ki, xanım həyat yoldaşına deyir ki, bacısına, anasına da hədiyyə alsın. Bu, nə dərəcədə düzgündür?

- Bu, qəti şəkildə düzgün deyil. Mən özümdən götürüb deyirəm ki, həyat yoldaşıma necə deyə bilərəm ki, mənə hədiyyə alsın. Necə deyə bilərəm ki, bacıma da, anama da hədiyyə alsın. 8 Mart elə də böyük bayram deyil. Biz bunu ailə daxilində qeyd etməliyik. Bu günün rəsmi tərəfi böyükdür. Çünki 8 Mart bütün dünyada qadının azadlığına aparan bir yol olub. Lakin hədiyyə hissəsini, təbrikləşmə hissəsini ailə daxilində etmək lazımdır. Ailəmizlə restoranda da qeyd edə bilərik, qadının açdığı süfrədə də qeyd edə bilərik. Burada hədiyyəyə ehtiyac yoxdur. Siz istəsəniz, bir gül alıb xanımınıza verə bilərsiniz ki, sizin cinsinizdən olan insanlar qadın azadlığı sözünü dilə gətiriblər. Amma bahalı ətirlər, maşınlarla altından çıxa bilməyəcəyiniz sonrakı aylar var. Artıq məktəblərdə təhsil alan şagirdlərin hər birinin valideynlərinin sosial şəbəkələrdə qrupları var. Onlar 8 Mart yaxınlaşanda müzakirə edirlər ki, müəllimlərə nə alsınlar. İmkanı olan və olmayan valideynlər var. Bir gündə 3-4 çörək alan valideynlər var ki, onlar haradan pul tapsın versin ki, uşağı digərlərindən geri qalmasın. Mən köşə yazımda üz tutub qeyd etdim ki, Təhsil Nazirliyi bunu həll etsin. Təhsil Nazirliyi bunu bir gündə həll edə bilər. Elə qadağa qoya bilər ki, heç bir müəllimin hədiyyə almağa cürəti çatmaz. Bizim valideynlərimiz müəllimə ancaq rüşvət verirlər, hədiyyə vermirlər.

- Sevgi, yoxsa məntiq evliliyi? Hansı insanı daha xoşbəxt edir?

- Sevgi iki insanın bir-birindən ifrat dərəcədə xosunun gəlməsidir. İstər sevgi evliliyi olsun, istərsə də məntiq evliliyi məntiqin içində də sevgi olmasa, iki insan bir evdə yaşaya bilməz. Əgər xasiyyətiniz tutmursa, bir-birinizə simpatiyanız yoxdursa, bir evdə yaşamağınız mümkün deyil. Bu, sonda boşanma ilə nəticələnəcək. Gənclərimizə arzu edirəm ki, qarşılarına onları başa düşən gənclər çıxsın. O zaman bizim ailə dəyərlərimiz, ailə institutumuz qorunacaq, boşanmaların da sayı azalacaq. Bizim adət-ənənələrimiz dəyərlərimizdir. Ulu Öndər Heydər Əliyev də deyib ki, mentalitetimiz, adət-ənənələrimiz milli dəyərlərimizdir. Bunları qoruyub yaşatmaq hər bir azərbaycanlının borcudur. Biz öz düşüncə, təşəkkürümüzlə o dəyərlərə yenilik əlavə etsək, baxacağıq ki, sabah o dəyərlərdən heç nə qalmayıb. Bu gün Avropa öz dəyərlərini bizə verib, bizim dəyərlərimizi Şərq dəyərləri adı altında götürüb. Avropanın küçəyə tökdüyü dəyərləri bağrımıza basmışıq.