Dini Komitənin sədri İğdır və Qarsa səfər edəcək

7 Mart 2025 12:34 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 11-də Türkiyənin İğdır və Qars şəhərlərinə səfər edəcək. Bu barədə SİA-ya komitədən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi Türkiyənin müvafiq dövlət orqanları və təşkilatları ilə əməkdaşlığın perspektivləri ilə bağlı müzakirə aparmaq, eyni zamanda Azərbaycan və Türk xalqlarının dərin tarixi köklərə malik qardaşlıq ənənələrinin, iki ölkə müsəlmanları arasında həmrəyliyin ifadəsi olaraq İğdır və Qars şəhərlərində təşkil olunacaq iftar mərasimlərində iştirak etməkdir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin təşkilatçılığı ilə martın 11-də İğdır şəhərində, martın 12-də isə Qars şəhərində iftar mərasimi təşkil ediləcək.

Martın 13-dək davam edəcək səfər çərçivəsində Komitə sədrinin Türkiyənin Diyanət İşləri başkanı Ali Erbaş, İğdır bölgəsinin müftisi Zahit Demirel və Qars bölgəsinin müftisi Yavuz Yıldız, o cümlədən digər müvafiq qurum və icmaların rəhbərləri ilə görüşlər keçirməsi, bir sıra dini məbədləri ziyarət etməsi nəzərdə tutulub.

Həmçinin iki ölkənin təhsil müəssisələrinin birgə layihələrinin icra edilməsi, tələbə və mütəxəssis mübadiləsi proqramlarının yaradılması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasındakı əməkdaşlıq memorandumunun 5 il müddətinə uzadılması barədə sənəd imzalanacaq.