Formula-1 yarışına marşal qeydiyyatı başlayıb

7 Mart 2025 12:28 (UTC+04:00)

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə Marşal qeydiyyatı başladı. Marşal olmaq şansını qaçırma!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 19-21 sentyabr 2025-ci il tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verdi.

Siz də marşal olun, Formula 1 həyəcanını yerində yaşayın!

Sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyirsinizsə və yaşınız 21-dən yuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdan asılı olmayaraq, Marşal Proqramına qoşulmaq şansınız vardır! Tədbirin uğurla keçməsində və yarış zolağının təhlükəsizliyinin təmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.

İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq!

Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.
Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.

Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqasının veb-səhifəsindən, həmçinin, [email protected] elektron ünvanına yazaraq əldə etmək mümkündür.