"Qərbi Azərbaycana dinc qayıdışın hüquqi prinsipləri illik Məruzəyə daxil olunub". SİA xəbər verir ki, bu sözləri plenar iclasda çıxışı zamanı deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu, alqışlanacaq hadisədir: "Təklif edirik ki, Müvəkkil institutun Qərbi Azərbaycan üzrə fəaliyyəti həm ayrı struktur vahidi, həm də hesabatlılıq baxımından müstəqil bir fəsildə verilsin. Beynəlxalq əməkdaşlıq sahəsində Müvəkkil xarici siyasətimizin mühüm mandata malik təmsilçisi kimi genişmiqyaslı işlər həyata keçirib. Biz təklif edirik ki, xüsusilə də dövlət adamlarının xaricdən yayılan, idarə olunan terror mediası tərəfindən linç edilməsinə qarşı Müvəkkilin Fransa, Almaniya, İsveçrə və digər ölkələrin müvafiq təsisatları ilə daimi işi həyata keçirilsin.
Yekunda irəli sürülən 81 təklif dövlət orqanlarının işinin təkmilləşdirilməsinə və daha effektli koordinasiyasına xidmət edir. İnanırıq ki, millət vəkilləri Müvəkkilin illik Məruzəsini qənaətbəxş sayacaq və daha etibarlı tərəfdaşa çevrilməsi üçün ona köməklərini əsirgəməyəcəklər".