"30 illiyini Qələbə ilə qeyd etdiyimiz Konstitusiyamıza uyğun olaraq, İnsan hüquqları üzrə Müvəkkilin 2024-cü il üzrə Məruzəsinin fərqli bir dövrü-təkcə torpaq bütövlüyü və suverenliyimizin deyil, həm də milli və vətəndaş tamlığının birinci ilini əhatə etdiyini xüsusi vurğulayaq". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, hər birimiz qürurla deyə bilərik ki, 30 illik işğala, soyqırım və köçkünlüyə həsr olunan məruzələrdən də xilas olmuşuq: "Xalqımızın qalibiyyət haqqı özünə qaytarılıb. Bəli, Qələbəmiz universal hüquq və ali qanunçuluq hadisəsidir. Təkcə yüz minlərlə məcburi köçkünün deyil, hər bir azərbaycanlının konstitusion haqqı gerçəkləşib. Müstəqillikdən 30 il sonra qazanılan milli Zəfər və Böyük qayıdış Konstitusiyamızı da bütövləşdirib, Ali Qanunumuzun tətbiq coğrafiyasını genişləndirib.
Müxtəlif beynəlxalq casus şəbəkələrinin yüksək mükafatlara təqdim etdiyi şəxslərdən fərqli olaraq, azadlıq haqda dünyəvi qanunları, bəşəri arzu və idealları gerçəkləşdirən, millətimiz üçün qalib Yüz İli başlayan prezident İlham Əliyevin Nobel titulu daha insani, hüquqpərvər və adil qərar olardı. İnsan hüquqları üzrə Müvəkkil institutu Qarabağda qanunsuz yaradılan Ombudsmanın paralel fəaliyyətindən azad olub. İşğal səhifələri tarixə qovuşur və Qayıdış hesabatları, azad torpaqlara həsr olunan məruzələr Milli Məclisə təqdim olunur. Məruzəni qiymətləndirərkən, beynəlxalq təhlükələrin görünməmiş dərəcədə artdığı bir dövrdə dünyada insan hüquqlarının durumuna qısa nəzər faydalı olardı".
"BMT-nin İnsan hüquqları Şurasına üzvlükdən imtina edən Birləşmiş Ştatlarda Trampın son çıxışına əsaslansaq, cinayətkar kartellər daxildə savaş aparır, həbsxanalarda məhbusların sayına görə dünyada 1-ci yerdədilər və hər ay yüz min qeyri-leqal miqrantın axını səbəbilə sərhəddə fövqəladə vəziyyət elan olunub. Fransada 2023-cü ildə 676 antisemitizim,188 islamofob aksiya keçirilib.
Ermənistanda insan haqlarına gəldikdə isə, erməni Müvəkkil 2024-cü ildə hədə-qorxu, təzyiq, gender və etnik zəmində nifrət nitqi, çoxsaylı təhdidlərlə qarşılaşıb" - deyə, deputat əlavə edib.