Azərbaycanda sahibkarların 23 %-ə yaxınını qadınlar təşkil edir. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Bildirilib ki, əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Bu yaxınlarda Gəncə şəhərində qadın sahibkar tərəfindən məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil müəssisəsi Gəncə şəhəri ilə yanaşı, Bakı, Sumqayıt və Xırdalan şəhərlərində də fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi şəbəkəsinin yaradılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib.
Belə ki, sahibkara biznesin qurulması üçün sənədləşdirmə, dövlət qurumları ilə əlaqələndirmə və biznesin inkişafı üzrə digər istiqamətlərdə Agentlik tərəfindən dəstək göstərilib. Hazırda məktəbəqədər təhsil müəssisəsinin bütün filialları üzrə ümumilikdə 40-dan çox işçi çalışır. Bununla da qadın sahibkar digər qadınların da məşğulluğa cəlb olunmasına öz dəstəyini göstərir. Gələcəkdə işçi sayının artırılması, eləcə də fəaliyyətin digər bölgələrdə də təşkili istiqamətində qadın sahibkar tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, KOBİA öz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üzrə qadınlara dəstək göstərir. Təkcə 2024-cü ildə 4 mindən çox qadın sahibkar Agentliyin biznes sahəsində bilik və bacarıqların artırılması üçün təlim və məsləhət, 300-dən çoxu isə biznes planın hazırlanmasına dəstək xidmətlərindən istifadə edib. Almaniyada beynəlxalq ixstisasartırma proqramından 10-dan çox qadın sahibkar və menecer yararlanıb.
Ötən il qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib. 2024-cü ildə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir.