Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.
SİA bildirir ki, Birinci vitse-prezidentə bağçanın mövcud vəziyyəti ilə bağlı məlumat verildi.
Qeyd edildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verdi.
Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.