"Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır" - MÜNASİBƏT BİLDİRİLDİ

6 Mart 2025 19:41 (UTC+04:00)

"Qış mövsümünün gəlişi ilə əlaqədar olaraq dəm qazından zəhərlənmə hallarının artımı müşahidə olunur. Dəm qazı rəngsiz, qoxusuz olduğunu görə insan instinkti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydaları və təhlükəsizlik tədbirləri görməklə dəm qazı nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır. Ona görə də ölkəmizdə mövcud olan qaydaların təıəblərinə uyğun vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yolverilməzdir". Bu sözləri təhlükəsizlik üzrə ekspert Orxan Musayev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, belə ki, mövcud qaydaların tələblərinə görə, qazla işləyən isdici qurğular yalnız mətbəx otaqlarında quraşdırılmalıdır: "Vanna otaqlarında yalnız elektriklə işləyən su qızdırıcıların quraşdırılmasına icazə verilir. Bundan əlavə olaraq, qazla işləyən su qızdırıcıların istismarı zamanı həmən otaqda mütləq münbit şərait olmalıdır. Yəni havalandırma təşkil olunmalıdır. Bunlar süni yaxud təbii havalandırma ola bilər. Vanna otaqlarında tüstü bacalarının təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir. Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum 2.2 metrdən daha yuxarı olmalıdır

Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bəzi hallarda mətbəxlərdə pəncərələr ləğv olunur və yaxud daşla hörülür. Qaz cihazları, qaz qurğuları yerləşən otaqlarda bunlar yolverilməzdir. Dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz detektorları hesab olunur. Qaz detektorlarının quraşdırılması Avropa ölkələrində geniş miqyas alıb. Orada bu detektorların quraşdırılması ilə məşğul olan lisenziyalaşmış şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki, qaz detektorlarının quraşdırılması ilə bağlı hələ də effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir insan özü üçün müəyyən satış məntəqələrində, satış yerlərində qaz detektorlarını alıb istifadə edə bilər. Dəm qazından qorunmağın ən düzgün yolu da evdə, otaqda havalandırılmağın təşkil olunmasıdır".