"Yaz fəsli təbiətin oyanışı ilə yanaşı, orqanizmin də yenilənmə dövrüdür" - ŞƏRH EDİLDİ

6 Mart 2025 16:55 (UTC+04:00)

"Yaz fəsli təbiətin oyanışı ilə yanaşı, orqanizmin də yenilənmə dövrüdür". Bu sözləri SİA - ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu mövsümdə orqanizm qışdan sonra yüngül və vitaminlə zəngin qidalar tələb edir: "Ona görə də rasionda mövsümi məhsullara üstünlük vermək lazımdır.
Kahı,ispanaq, turp kimi yarpaqlı tərəvəzlər C vitamini və liflə zəngindir, həzmi
asanlaşdırır. Çiyələk, albalı və digər giləmeyvələr antioksidantlarla doludur, immuniteti dəstəkləyir. Toyuq, balıq və ya bitki mənşəli qidalar (noxud, mərci)
ağır ətlərə alternativ ola bilər.
Havaların istiləşməsi ilə orqanizmin susuzlaşma riski artdığından gündə ən azı çəkimizin hər 1 kq-ı üçün 0.3 ml su içmək də vacibdir. Qışda istehlak etdiyimiz yağlı və kalorili qidalardan imtina edib, daha çox bişmiş və ya buxarda hazırlanmış yeməkləri
tükətmək məsləhətdir. Bu həm bədəni yüngülləşdirir, həm də yazın enerjisinə uyğunlaşır. Müasir dövrdə sağlam qidalanma trendi bütün dünyada, o cümlədən ölkəmizdə da geniş yayılıb. İnsanlar artıq sağlamlıqlarını qorumaq üçün qida seçimlərində daha şüurlu davranır.
Hər qida qrupundan - zülalları, karbohidratları, yağları - balanslaşdırılmış şəkildə istifadə etmək lazımdır. Məsələn, səhər tam taxıllı çörək və yumurta, günorta zülallı salat, axşam isə balıq və tərəvəz ola bilər. Emal olunmuş qidalardan, məsələn
kolbasa, şəkərli qazlı içkilər və s. uzaq durmaq və təzə məhsullara üstünlük vermək sağlamlıq üçün faydalıdır.
Həddindən artıq yemək piylənmə və həzm problemlərinə səbəb ola bilər. Buna görə də aclıq və toxluq hisslərimizi balanslaşdırmaq vacibdir. Yazda yerli məhsullardan istifadə etmək həm qida dəyərini artırır, həm də qənaət baxımından sərfəlidir.
Müasir həyatın sürətli tempində fast-food və hazır qidalar cazibədar görünsə də,
uzunmüddətli sağlamlıq üçün təbii və balanslaşdırılmış qidalanma əvəzsizdir. Azərbaycanda da bu tendensiya güclənir. İnsanlar evdə hazırlanmış yeməklərə və sağlam alternativlərə daha çox maraq göstərir.
Son illərdə mağazalarda qlütensiz və şəkərsiz qidaların sayı xeyli artıb. Bu məhsullar bəzi insanlar üçün həyat tərzinə
çevrilib. Qluten buğda, arpa və çovdarda olan zülaldır. Çölyak xəstəliyi və ya qlutenə qarşı həssaslığı olanlar üçün qlütensiz pəhriz zəruridir. Bu bağırsaq sağlamlığını qoruyur və iltihabı azaldır. Lakin sağlam insanlar üçün qlütendən imtina etmək mütləq deyil, çünki elmi araşdırmalar qlutenin əksər insanlara zərər vermədiyini göstərir. Üstəlik qlütensiz məhsullar bəzən lif və vitamin baxımından zəif ola bilər.
Şəkərin həddindən artıq istehlakı diabet, piylənmə və ürək xəstəlikləri riskini artırır. Şəkərsiz qidalar bu baxımdan faydalı alternativdir. Amma burada bir məqam var. Bəzi şəkərsiz məhsullarda süni dadlandırıcılar (aspartam, saxarin) istifadə
olunur ki, onların da uzunmüddətli təsirləri sağlamlıq baxımından düşündürücüdür. Təbii alternativlər olan bal, steviya və ya meyvə şirələri daha yaxşı seçim ola
bilər.
Bu qidalar əlçatan olsa da, hər kəsə eyni dərəcədə münasib deyil. Məsələn, qlütensiz pəhrizə keçən sağlam bir insan lif
çatışmazlığı ilə üzləşə bilər, şəkərsiz qidalar isə bəzən dad baxımından gözləntiləri doğrultmur. Ona görə də, bu cür qidaları seçərkən etiketləri oxumaq və həkimlə məsləhətləşmək vacibdir".

Müəllif: Qumral Əlizadə