"Azdrama" tamaşalarına başqa teatrlardan aktyor dəvət olunması iddialarına münasibət bildirib

6 Mart 2025 16:42 (UTC+04:00)

Akademik Milli Dram Teatrı tamaşalarına başqa teatrlardan aktyor dəvət olunması iddialarına münasibət bildirib. SİA xəbər verir ki, teatr bu barədə sosial media hesabında məlumat yayıb.

Məlumata görə, "Azdrama"ya başqa teatrdan dəvət olunduğu iddia olunan aktrisa Günəş Tegin artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır:

“Son iki il ərzində Akademik Milli Dram Teatrı öz truppasını genişləndirmək və yeniləndirmək üçün gənc aktyorları cəlb edib. Məsələn, “Baş” tamaşasına kastinq yolu ilə seçilmiş beş tələbə-aktyor cəlb edilib. Həmin tələbə-aktyorlar həm epizodik, həm də kütləvi səhnələrdə yer alacaqlar. Bu isə gələcəkdə aktyor bazasının gəncləşdirilməsi, gənc nəslin teatra cəlb olunması üçün ilkin addım hesab olunur. Bu proses gələcəkdə də davam edəcək”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşaya teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün aktrisa Günəş Tegini dəvət edib.

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova və digər bir neçə teatr əməkdaşı bu faktla bağlı etirazını bildirib.