Xilaskar pişik

6 Mart 2025 16:37 (UTC+04:00)

Sabir ŞAHTAXTI

"Yaxşılıq bütün kamilliklərin mərkəzində durur, bütün sevinclərin mənbəyidir.

O, insanı ağıllı, diqqətli, uzaqgörən, düşüncəli, müdrik, mərd, ehtiyatlı,

safürəkli, xoşbəxt, tərifəlayiq, həqiqi

və universal qəhrəmana çevirir".

Baltazar

Bikə xanım taxtanın kənarına yığdığı ət şəndirini, xoşagəlməz xırım-xırda piyləri bıçağın ucu ilə həvəslə toplayıb, sonra sellofanın arasına qoyub oğlunu səslədi. Bir az əvvəl açar cınqıltısının eşidildiyi dəhlizdən bu dəfə qapının yüngülvarı tappıltısı gəldi. Qadın ayaqlarını sürüyə-sürüyə tələsik mətbəxdən aralandı. Qəlbindəki mərhəmətin məktəbə işə tələsən oğlunu yolundan elədiyi üçün keçirdiyi narahatlığı üstələdiyini yüngülvarı təbəssümlə büruzə verdi. Tələsik mətbəxə döndü. Nəvəsi Nigar pəncərənin qarşısında, bayaqkı yerində dayanmışdı. Pəncərələrə çırpınan günəş şüaları payızın şaxtalı havasının təsirində olan şüşələrə çırpınmaqdan yorulmaq bilmirdi. Şüşələrin içəri üzdəki təri Nigarın zərif barmaqları arasında tez-tez haldan-hala düşürdü.

Həyətdə o tərəf-bu tərəfə keçib gedənlər qızcığazın diqqətini özünə elə çəkirdi ki, qeyri-ixtiyari hərəkətsiz dayanıb nəzərlərini əvvəl adamlara, pəncərənin tuşundan çəkiləndən sonra isə onların kölgələrinə dikirdi. Həyətdəki qarışıq mənzərələri seyr etmək uşağa qəribə bir həzz bağışlayırdı. Arabir nənəsinə verdiyi sualların cavabını dinləmədən diqqətini təzədən həyətə yönəldirdi. "Atama bax, atama", - deyəndə nənəsi qeyri-ixtiyari pəncərəyə tərəf döndü. Arif bir az əvvəl anasının verdiyi sellofan torbanı ikimərtəbəli binaların ortasından keçən yolun kənarındakı su borusunun yanındakı kötüyün üstünə qoyub sonra əli ilə onu yırtdı. Bu ağacı ötən il yana əyildiyi üçün yerdən iki qarış aralı kəsmişdilər. Oğlunun hərəkətlərini maraqla seyr edən qadının çöhrəsi qəribə bir şəkildə təbəssüm aldı. "Ürəyinə qurban! Balam elə bil süfrə açır heyvanlara", - deyib dərindən nəfəsini dərdi və oğluna dualar etməyə başladı:

- Allah yolunu açıq, qəzasız eləsin! Necə savab iş gördün.

Qulağı çalan maraqlı sözdən yapışıb yay kimi dartılmaq uşaqlıq çəpərini adlamasına hələ çox qalan Nigarın adətiydi. İndi də elə oldu. Sanki uşağın dili bu "savab" sözünə bənd idi. Savabdan başlayıb, savabı daha nələrlə etməyə dair çoxsaylı suallar üyüdüb-tökdü. Amma nənənin verdiyi cavablara qulaq asmırdı. Atasının açdığı "süfrə"nin başına toplaşan pişiklər bir-birini cırmaqlaya-cırmaqlaya ət qırıntılarını, piy parçalarını dişlərinə çəkirdilər. Təkcə qızılı tükləri ilə bəbir görkəmində olan çil-çil pişik balasından başqa. Yazıq tifil balaca bu biri böyük pişiklərin qorxusundan ət süfrəsinin həndəvərində dolanmaqdan yorulmuşdu. Nigar birinci dəfə idi ki, pişiklərə bu qədər diqqətlə baxırdı. Ətləri dişlərinə çəkə-çəkə cırmaqlaşan heyvanlar doyar-doymaz oradan aralandılar. İndi süfrəyə yaxınlaşmaq növbəsi balacaya çatdı. Bu vaxt Arif maşını qarajdan çıxardırdı. Mətbəx pəncərəsinin yanından keçəndə qəza işıqlarını yandırıb həmişəki kimi qızı ilə sağollaşdı. Amma başqa günlərdən fərqli olaraq bu dəfə atasının sağollaşması Nigara o qədər də maraqlı gəlmədi. İndi saniyələr ona olduqca uzun gəlirdi. Maşının ötüb keçməsini gözləyirdi. Gözləri balaca pişiyi axtardı. Balaca kubikin üstündəki yeyilmiş ət qırıntılarından sellofana hopmuş qanlı suyu yalayırdı. Nigar məyus olmuşdu.

Ertəsi gün nənə və nəvə evdə tək qalanda Nigar yenə də pəncərənin qarşısında dayanıb həyətə baxırdı. Pişiklər barədə sualları səngimək bilmirdi. Nənəsi dedi ki, əslində pişiklər pələng cinsindəndir. Əhliləşdirilib ev heyvanı olduğu üçün cırlaşıblar. Nənəsi bütün bunları ona görə deyirdi ki, uşaq pişiklərdən uzaq olsun. Lakin pələngin yırtıcılığı da qızın pişiyə olan marağını azaltmadı. Əksinə, gözləri dünən ac qalan bapbalaca pişiyi axtarırdı.

Beləcə, Nigarın istəyi ilə nənə-nəvə pişikləri yedizdirməyə getdilər. Gün balaca pişiyin idi. Balığın içi, yağı onun payına düşmüşdü. Nigar, "Nənə onu da qov, nənə onu da vur dedikcə", - Bikə xanım böyük pişikləri qovur, balaca da arxayın-arxayın balıqdan özünə düşənlərə arxayın-arxayın yeyir, ləzzətlə ağzını yalayırdı. Nənənin tapşırıqlarına baxmayaraq Nigar anası işdən gələn kimi bugünkü sərgüzəştləri yerli-yataqlı Suqra xanıma danışdı. Əsl həngamə də bundan sonra başladı. Nigar dərhal hamama aparıldı. Axı, pişiyin tükü onun əlinə toxuna, paltarına, hətta saçlarına da yapışa bilərdi. Axşam pişik mövzusu süfrə başında müzakirə olunanda həyat yoldaşının tərəfini tutan Arif dedi ki, küçə heyvanları ilə təmasda olmaq tərbiyəli uşaqlara uyğun deyil. Atanın müəllim öyüdləri balaca qızcığaz üçün o qədər də təsirli olmadı. Tez yatmaq istəyirdi ki, gecənin qaranlığı tez ötsün. Axı nənəsi balaca pişiyi yenə yedirdəcəklərini ona söz vermişdi.

Uşağın tərbiyəsi və sağlamlığı ilə bağlı doktor gəlini və müəllim oğlu ilə razılaşsa da, "savab"lı iş Bikə xanım üçün hər şeydən irəlidə dayanırdı. Beləcə nənə və nəvə axşamkı tənbehi unutdular. Bir gün gizli, bir gün aşkar həyətdəki balaca pişiyi yedizdirib içizdirmək onların adi işinə çevrildi. Onu bəslədikcə bəslədilər. Pişik böyüyüb o birilər kimi ətə-qana gəlsə də, Bikə xanım və nəvəsi ona hələ də "balaca" deyirdilər.

Suqra qayınanası ilə qızını pişiklərdən çəkindirə bilmədiyinə görə, bu mövzunu yada salmamağa çalışırdı. Bir dəfə axşam qızını yatağa uzadanda astadan əzizləyib dodaqaltı "Əbu Hüreyrənin davamçısı" , - dedi. Nə dediyini soruşanda anası bu dəfə tamam başqa bir nəvazişlə "Yuxun şirin olsun", - pıçıldadı. Nigar, şirin yuxuya gedənə qədər bu adı dönə-dönə təkrarladı ki, səhər onun mənasını nənəsindən soruşsun.

Səhər isə başqa aləmlə açılmışdı. Havaların qızması payızın da, qışın da qaldığını deyirdi. Builki yaz ilk günlərdən qızmar istilərlə meydan sulayırdı. Sübh tezdən evdə bağ hazırlığı başlanmışdı. Yola çıxmaq üçün gecikmənin səbəbkarı da Bikə xanım oldu. Nədənsə yır-yığışı uzatdıqca uzadırdı. Qadının içindəki təlaş qara çarşab kimi bütün bədənini örtmüşdü. Səhərdən bəri dəfələrlə bağ səfərini təxirə salmaq könlündən keçsə də, susmuşdu. Bu fikrini dilə gətirsə, oğlu ilə gəlininin bir-birlərinə dəyəcəklərindən qorxurdu. Hələ Nigar qalsın bir tərəfə. Həmişəki kimi indi də harasa getmək xəbərini eşidən kimi hamıdan qabaq hazırlığa başlayıb, qıvraq şəkildə işini bitirmişdi. Qayınanasının ləng hərəkətləri isə Suqranın əsəblərini lap tarıma çəksə də, gəlin dilini dişi ilə tutmuşdu. Beləcə uzun-uzadı ləngimədən sonra evdən çıxdılar. Qoca nənənin ləngiməsi boşuna deyildi. Oğlu axşam işdən gələndə qarajın qabağında ilan balasını təkərin altına salıb əzmişdi. Onu qapıda qarşılayan anasına demişdi ki, ilan betonun üstündə əziləndə əvvəl elə bilib ki, təkər partladı. Qadın həmin an büruzə vermək istəmədiyi nigarançılığın oğlunun da zehninə kök saldığını başa düşüb sükut edəndə, oğlu da bir anlığa susub sonra sakit səslə: ziyan verməsə yaxşıdır. Bu da ananın sözləri:

- Ağzı yanmış elə kinli olur...

Dalınca da "yəqin bala ilan idi?" - soruşub oğlunun təsdiqləyici cavabından lap kədərlənmişdi. Ürəyindən keçirdiyi "kaş ki, heç olmasa, bala ilan olmasaydı", - təəssüfü bir özü bilmişdi, bir də Allahı.

Günlərdən bəri davam edən istilər getdikcə güclənirdi. Səma Sultanının bütün səxavətlə pülədiyi şəfəqlər torpağı təndirəsərə döndərmişdi. Nigargil evdən çıxanda Günəş yerindən yeni boylansa da, bürküdən nəfəs tutulurdu. Blokdan çıxanda Nigar nazlana-nazlana ailə dəstəsini arxasınca çəkirdi. Binanın yan tərəfinə keçəndə balaca pişiyi görüb altdan-altdan süzdü. Anasından qorxmasaydı yanına yüyürüb başına sığal çəkərdi. Nigar bu gün intizamı pozmamışdı. Pişik üçün ayrılan yeməyi həmişəki daşın üstünə qoyub dərhal qayıtmışdı. Balaca yeməyi çoxdan içəri ötürmüşdü. İndi pişik onları görəndə sanki minnətdarlıq edirmiş kimi həvəslə dodaqlarını yalamağa başladı.

Arif addımlarını yeyinlədib qarajı açdı. Bu vaxt Bikə xanım qocaman budaqları ilə eyvanlarının fasadını didik-didik edən cam ağacına söykəndi. Qocaman ağacın kölgəsi qadına qaş-qabağını sallayan buludlu hava təsirini bağışladı. Bəd xəbər carçısı olan bu görkəmdən ürpəndi. Günəş şəfəqləri ilə al-qırmızı rəngə boyanmaqda olan ağ səma ilə bu qaranlıq kölgə arasında qəribə bir ziddiyyət gördü. Qadının içindəki təlaş bütün ruhuna hakim kəsilmişdi. "Arif, ehtiyatlı ol!" - demək istəsə də, zehnindən keçən xəbərdarlıq ifadəsi boğazındaca ilişib qaldı. Demək istədiyini heç özü də eşitmədi, sadəcə olaraq zehnindən keçənləri qəlbində duydu. Bu vaxt artıq maşın çölə çıxmış, qalın dəmir qapılar həmişəki danqıltı ilə qayıdıb yerinə oturmuşdu.

Çantalar, torbalar, hazır yemək qabları bir-bir baqaja yığılırdı. Birdən balaca pişiyin qəribə bir ötkəmlə çıxardığı "miyov" səsi hamını hərəkətdən dayandırdı. Bütün baxışlar ona zillənmişdi. Suqranın əsəbi səsi eşidildi:

- Yüz dəfə dedim, ona çiy ət verməyin. Kimə deyirsən? Bu evdə söz eşidən var, bəyəm?!

Bikə xanım hələ də öz aləmindən ayrılmamışdı. İçindəki təlaşı qovmaq istəsə də, bacarmırdı. Gəlininin sözlərinə haqq qazandırsa da, indi oğlunun əsəbiləşib səsini ucaldacağından qorxdu. Qonşular eşitsə, ayıb olardı. Bu an balaca pişik daha bərkdən miyovladı. Yox, bu adi miyovlamaq deyildi. O, sanki boz qurd kimi ulayır, vəfalı ev iti kimi mırıldayıb sanki təhlükəni sahibinə xəbər verirdi. Balaca ov üstünə hazırlaşırmış kimi, əllərini irəli uzadıb var gücüylə bədənini dartdı. Yayda dartılan ox kimi uzandıqca-uzandı və bu dəfə daha hündürdən və acıqlı səs çıxardı. Balaca pişiyin həmişəki sakit görkəmindən əsər-əlamət qalmamışdı. Suqra "pişik qudurub, bu saat ziyan verəcək", - deməyi ilə balacanın yerindən sıçraması bir oldu. Gəlin maşının qapısını açsa da, yerindən tərpənməyə macal tapa bilmədi. Bir də axı Nigar ondan aralıda qalmışdı, hara qaçacaqdı? İndi onun bütün intizarı qızının yanında qalmışdı. Pişik yerindən sıçrayıb Nigara tərəf götürüləndə Arif qeyri-ixtiyari ətrafa boylanıb daş axtardı. Bikə xanım isə hələ də içindəki təlaşı qovmaq üçün özündə güc axtarırdı. Pişik Nigarın yanına çatanda Suqra heyrətdən qışqırdı, üzünü əlləri arasına alaraq yerə çökdü. Nigar isə yerindən tərpənmirdi. Uşağın pişiyə olan məhəbbəti sanki qəlbinə hökm edirdi: ondan sənə zərər gəlməz. Yerində qal, tərpənmə!

Balaca bir göz qırpımında ildırım kimi şığıyıb ox kimi dümdüz Nigarın ayaqları arasından keçdi. İstidən qabar-qabar olan qum dənələri onun cırmaqlarının açdığı şırımların ağrısına dözməyib inilti ilə toza-dumana çevrildi. Pişiyin çıxardığı qarmaqarışıq səslər ətrafın nisbi sakitliyinə dava-dalaş aurası gətirmişdi. Torpağı qamarlayan dırnaq səsləri dəri xrom çəkməyə çırpılan qamçı səsinə bənzər tappıltı kimi əvvəlcə vıyıldayır, ani sükut olur və sonra təzədən bir də eşidilirdi. Bir az sonra sakitlik yarandı.

Nigarın açıq dabanını hədəf alan ilan pişiyin gözlənilməz hücumundan başını yuxarı qaldırıb qarnı üstə kənara tullanmışdı. Ölüm-dirim savaşının ilk anında pişiyin bir gözü tökülsə də o, özünü itirmədən hücumunu davam etdirirdi. Elə birinci həmlədəcə zəhərini başında nehrə kimi çalxalayan ilan ilk zərbədən gicəllənmişdisə də, gücünü və məkrini saxlayırdı. Hiyləgərlik işə düşdü. İlan bir göz qırpımında qıvrılıb başını gizlətdi. Sonra eyni cəldliklə qarnı üstə çevrildi. Qarnının şəffaf rəngi ilə pişiyi özünə çəkmək istədi. Bu halda pişik ona tərəf cumsa, ilan eyni anda başı və quyruğu ilə onun belinə sarılacaq sonra sivişib boğazına dolanaraq nəfəsini kəsəcəkdi. Bir az əvvəl günahsız uşağın dabanını zəhərləmək istəyən boz rəngli sürünən bu hiyləsinin baş tutmadığını görüb hücum taktikasını dəyişdi. İndi pişiyi sancmaq üçün hədəfdə saxlayırdı. Quyruğu üstə dayanıb başını dimdik irəli elə uzadırdı ki, sanki pişiyin üst dodağından çalmağa hazırlaşır. Endirdiyi birinci zərbədən sonra pişik bir az geri çəkildi. Düşməninin hücum taktikasına qarşı hazırlığa başladı. Deyəsən, nə üçünsə yerin bərk, ya boş olduğunu yoxlamaq üçün ani fürsət tapdı. Pəncələri ilə qumu cırmaqladı. Sonra qarnı üstə yerə uzanıb, başını qıvraqlıqla irəli uzadıb müdafiə forması aldı. Bığlarını qəribə şəkildə oynatdı. Myoldayıb belini sərt şəkildə aşağı sıxdı. Haça dilini ağzına çəkməyən ilanın vahiməli fısıltısı onu nəfəsini rahat dərməyə qoymadı. Qəfildən hər ikisi hücuma keçdi. Pişik yerindən sıçrayanda ilanın quyruq nahiyəsini cırmaqlayıb əsl niyyətini gizlətdi. Pəncələri üstə yerə düşən kimi qəflətən təkan verib havaya qalxdı və bu dəfə narın dişləri ilə ilanı tən ortasından yaraladı. Ağ balta dişləri sürüşkən möhkəm qabığa batırmaq nə qədər çətin olsa da, pişik bunu bacardı. Milçəklərin qəfil hücumu, yarasının necə qurdlanacağı xofu instinkt olaraq ilanın canına qorxu hopdurdu. Özünü necə itirdisə, kürəyi üstə yerə çırpıldı. Lakin özünü tez ələ alıb qəzəbli şəkildə inadla dil çaldı. Pişiyi diri-diri udmağa hazırlaşırmış kimi elastik çənəsini var gücü ilə yana ayıran ilan nərə çəkirmiş kimi tükürpərdici fısıltı çıxardı. Başının arxasındakı zəhər vəzləri dərinin altında düyünlənmiş görkəm aldı. Onun dərisinin hamar pulcuqları pişiyin gözündə tikan kimi qabardı. Pişik ilan zəhərinə qarşı təbii peyvəndinin gücünə arxayın olsa da, özünü düşməninin qoşa dişlərindən məharətlə qorumaqda israr göstərirdi. Pişik növbəti dəfə tamam başqa bir formada yerdən tullandı, dırnaqlarını bir göz qırpımında ilanın bel nahiyəsinə yapışdırıb dişləri ilə ona ikinci amansız zərbəni vurdu. Bir gözünün ağrısından taqətinin azaldığını hiss edən vəfalı fürsəti əldən verə bilməzdi. Pəncələrini yığıb qarnı üstə yerə oturdu. Uca səslə miyovlayıb, torpaqdan güc alırmış kimi yuxarıya təkan verdi. İndi məlum oldu ki, döyüşün əvvəlində torpağın bərkliyini niyə yoxlayırmış. Onun yerdən təkan alıb başladığı növbəti hücum daha tutarlı oldu. Ardıcıl zərbələrdən əzələləri boşalan ilanın eyni anda boyun hissəsi və quyruğu hədəfə alınmışdı. Bu dəfə pişik sol əlinin dırnaqlarını var gücü ilə onun quyruğuna basdı və ilanın zəhər vəzindən azacıq aralıdan dişləri ilə tutub inadkarcasına və qəzəblə onu silkələdi. Pişik yarımcan hala saldığı düşmənini nifrətlə yerə çırpdı. İlan iki bölünməsə də, indi başı ilə quyruğu arasındakı əzələlərin rabitəsi pozulmuşdu.

Budur, pişik toz-duman içindən çıxanda sağ qalan tək gözü tutqun buludlar arasından boylanan günəş kimi par-par yanırdı. İlanın başı bədənində hərəkətsiz sallanırdı. Pişik 3-4 qarış uzunluğunda ilanı dişləri arasında sallaya-sallaya, özündən razı halda, yırğalana-yırğalana gəlib Nigarın yanından keçdi. Bikə xanım özünə gəlmişdi. İçindəki təlaşı əridib yoxa çıxaran bu hadisə qadına qəribə bir qüvvət vermişdi. Pıçıltı ilə dua edirdi: "Balamın xilaskarı!"

Arif qızının əlindən yapışıb pişiyin arxasınca getdi. Pişiyin tökülmüş gözünün ağrısını bütün sifətində hiss edən Suqra isə qeyri-ixtiyari sağ əlini öz gözünün üstünə basmışdı. Vəfalının gözündən süzülüb üzünə yayılmış ləkəni ilanın zəhəri sanıb vahimələndi. Qadın bayğın halda baş verənləri seyr edir, gözlərini qızının səndəldən çölə çıxan açıq dabanlarından çəkə bilmirdi.