Sosial şəbəkələrdə şəxsi məlumatlar necə qorunur? - TEXNOLOQ İZAH ETDİ

6 Mart 2025 16:20 (UTC+04:00)

"Müasir dövrümüzdə artıq sosial şəbəkələr çox fərqli istiqamətdə inkişaf edib". Bunu SİA-ya texnoloq Rauf Cabarov deyib.

O bildirib ki, yalnız bir növ sosial şəbəkələr deyil, "facebook", "instagram" kimi klassik sosial şəbəkələr ilə paralel, "X" və digər bizim çox aktiv istifadə etdiyimiz sosial şəbəkələr vardır: "Facebook", "İnstagram" kimi sosial şəbəkələri götürsək, burada daha çox özümüz haqqında məlumatlar paylaşmaq, sosiallaşmaq, öz tanıdığımız insanların fəaliyyətlərini görmək və s. çox məlumat almaq üçün daxil oluruq. Bunun kimi digər sosial şəbəkələrin müsbət cəhətləri var. Amma müsbətlərlə yanaşı, əfsuslar olsun ki, son illər mənfi cəhətlər daha çox inkişaf edir və mənfi məqamları da bir neçə istiqamətdə ayıra bilərik. Bu mənfi məqamlar bizim həyatımız üçün müəyyən risklər formalaşdırır. Burada mənfi məqamları ayird etdikdə biz birinci kiber təhdidlərlə bağlı xüsusi vurğulamalıyıq. Digər məqam kimi psixoloji təsirləri qeyd edə bilərik. Əgər kiber təhdidlərlə bağlı məqamlara qayıdsaq, xüsusi vurğulaya bilərik ki, sosial şəbəkələrdə də şəxsi məlumatların qorunması məqamı vardır. Əgər biz bu məqama çox ciddi yanaşmadıqda şəxsi məlumatlarımızın itkisinə gətirib çıxara bilər və bu da öz növbəsində xakerlərin, pis niyyətli şəxslərin bundan istifadə edərək ziyan vurmasına səbəb ola bilər. Şəxsi məlumatlar məsələsi, ümumiyyətlə dünyada son dövrlər çox vacib bir məsələdir və fərqli ölkələrdə xüsusən, qərb ölkələrində şəxsi məlumatların qorunmasına çox ciddi fikir verilib. Burada çox ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Şirkətlər, hansı ki, şəxsi məlumatları itirə bilərlər. Bu səbəbdən sosial şəbəkələrin sahibləri də "Meta" , "Google" , "Linkedin" və digər bu şirkətlər şəxsi məlumatların qorunmasını çox ciddi fikir verirlər. Amma burada hər bir insanın özünün bir atdığı addımlar, davranışları var. Əgər biz davranışlarımıza fikir verməsək, o platformalarda məlumatlarımızın qorumasına baxmayaraq, şəxsi məlumatlarımız oğurlana bilər. Biz lazımsız məlumatlar paylaşsaq və yaxud da öz profillərimizin parolunu, digər qoruma üsullarını lazımi qayda da təmin etməsək oğurlanar. Digər tərəfdən biz sosial şəbəkələrdə tanımadığımız insanlarla rastlaşırıq və bu insanlar da bizə ciddi ziyan vura bilər. Bu səbəbdən əlbəttə, fərqli yanaşmalar da var. Biz sosial şəbəkələrdə dostluq etdiyimiz insanları ən azından şəxsən tanımasaq belə onların profillərinə baxmaqla, onların kimlərlə dostluq etdiyini, təxmini profilini anlaya bilərik. Bəzən bir çox hallarda saxta profillər var ki, həmin profilə bir dəfə daxil olmaqla onun saxta olduğunu başa düşmək olur və çox güman ki, bu profil gələcəkdə bizə hər hansı bir formada ziyan vura bilər, belə profillərdən qaçmaq lazımdır. Çox vacibdir ki, ən azından çox sadə formada kritik təhlil aparmaqla biz kimləri dostluğumuza qəbu ediriksə, ona fikir verək. Sonuncu məqam isə psixoloji təsirləri xüsusi vurğulaya bilərik. Sosial şəbəkələr asılılıq yaradır. Bu təsadüfi deyil ki, bunların alqoritması belə qurulub. Biz daha çox sosial şəbəkələrdə qalaq və nəzərə alsaq ki, mobil telefonlarımız daima yanımızdadır. Biz boş vaxtlarımızda istər-istəməz bura daxil oluruq. Buda bizdə vərdişə çevrilib və bu vərdiş də ona gətirib çıxarıb ki, çox ciddi sosial şəbəkələrdən asılılıq var. Tövsiyəm bundan ibarətdir ki, sosial şəbəkələrdə keçirdiyiniz vaxtı tənzimləyəsiniz. Hər bir telefonda "Facetime" adında funksiya var. Hər həftənin sonunda yoxlayasınız ki, siz nə qədər sosial şəbəkələrə vaxt ayırırsınız və bunu məhdudlaşdırmaq çox vacibdir".

Müəllif: Arzu İbaquliyeva