8 mart - tək Beynəlxalq Qadınlar Günü deyil. Bu həm də zərif cinsin nümayəndələrinə diqqət günüdür. Bəs qadınlarımız bu gün nə hədiyyə gözləyirlər? Kişilərimiz qadınlara nə hədiyyə etməyi düşünürlər? SİA olaraq bu suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirdik.
Şəhər sakini Gültəkin Qasımova: "Mənim üçün hədiyyənin önəmi, ya da fərqi yoxdur. İndiyə kimi ən yaddaqalan hədiyyəm gül buketi olub. Yenə də gül hədiyyə alsam, sevinərəm. Hədiyyənin baha, ya da ucuz olmasının önəmi yoxdur".
Şəhər sakini Dilşad Məmmədova: "İndiyə kimi həyat yoldaşımdan hədiyyə almışam. Bundan sonra da mənim üçün önəmli olan can sağlığıdır. Ailəm, uşaqlarımın sağlığı elə mənim üçün hədiyyədir. Bu 8 Martda xüsusi nəsə gözləmirəm, bəlkə də, sürpriz edəcəklər. İndiyə qədər sürpriz etdikləri olub. Ən yaddaqalan hədiyyəm olmayıb. Gül buketini tələbə olanda almışam. Əsas vacib olan can sağlığıdır".
Şəhər sakini Nail Şərifzadə: "Anama və bacıma gül, ətir, digər maraqlı hədiyyələr almışam. Xanımlara hədiyyə seçimi asandır, mənə görə. Çünki tanıyıram, bilirəm nəyi bəyənər, yaxud, bəyənməz".
Şəhər sakini Şahanə Aslanova: "Mənim üçün unudulmaz hədiyyə rayona səyahətimiz olmuşdu. Çox maraqlı idi. Ona görə də, səyahət və istirahət mənə görə ən gözəl hədiyyədir. Unudulmaz idi. Məncə, həm psixoloji, həm də mənəvi olaraq insan sakitləşir".
Şəhər sakini İlqar Rüstəmov: "Hədiyyə almışıq da, vermişik də. Hər 8 Martda təbrik etmək borcumuzdur. Yenə də bir şeylər fikirləşmişəm, planım var. Xanımıma hədiyyə seçmək mənim üçün rahatdır. Yəqin ki, tanımaqdan irəli gəlir".
Şəhər sakini Şəkər İrayad: "Əsas hədiyyə güldür. Mənim gülümü bacımın yoldaşı verib. Məncə, xanımlar üçün hədiyyə seçmək çətindir. Kişilər üçün xanımını tanıyırsa, çətin olmamalıdır. Mən hədiyyəni bəyənməsəm, bildirərəm".
Şəhər sakini Abuzər Quliyev: "Çox hədiyyələr almışam. Seçimimdə də çətinlik çəkmirəm. Bu bayramda da hamısını təbrik edəcəm. Ümumiyyətlə, bütün Azərbaycan xanımlarını, əsl millətini sevən xanımları 8 Mart münasibətilə təbrik edirəm".
Şəhər sakini Aqif Səfərov: "Həyat yoldaşım nə istəyirsə, almaq borcumdur. Ondan başqa kimim var? Övladlarım hamısı istirahət gediblər, ikimiz qalmışıq. İkimiz də oruc tutmuşuq. İndi də gəlmişik dincəlməyə. Bu bayramda qızımız bizi qonaq çağırıb. İkimiz də müəllim işləmişik, pensiyaya çıxmışıq".
Şəhər sakini Aynur Xankişiyeva: "Daha çox gül almağı sevirəm. Bu bayramda atam, yəqin ki, gül hədiyyə alacaq. Xanımlara hədiyyə almaq mənə görə asandır. Hədiyyə almasam da, normal reaksiya verərəm, çünki mənə görə hər gün xanımlar günüdür".