Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin, həmçinin yarışda təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. İdmanda, gimnastikada bir sıra uğurlu nəticələrin olduğunu vurğulayan nazir təşkilatçılara təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndiriləndən sonra isə rəqs qrupları öz məharətlərini göstəriblər.
Dünya Kubokunda ölkəmizi Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər. Yarışların yekununda ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Qeyd edək ki, 19 ölkə gimnastlarının qatıldığı Dünya Kubokuna martın 9-da yekun vurulacaq.