Azərbaycan Surinamla əməkdaşlıq üçün energetika, qalıq yanacaq, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və təhsil sahələrini əsas istiqamətlər kimi nəzərdən keçirir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Surinama səfəri zamanı yerli televiziyaya müsahibəsində bildirib.
"Biz surinamlı tələbələrin Azərbaycanın aparıcı universitetlərində təhsil alması imkanlarını araşdırır, həmçinin hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdiririk. Bundan əlavə, neft və LNG ticarəti diqqət mərkəzindədir ki, bu da nümayəndə heyətimizin tərkibində SOCAR nümayəndələrinin olmasını izah edir.
İqtisadi və biznes perspektivləri də müzakirə olunur və məhz buna görə səfərdə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak edirlər. Onlar iki ölkənin biznes strukturları arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif yollarını nəzərdən keçirəcəklər", - nazir müavini qeyd edib.