“Naxçıvanın taleyində önəmli dəyişikliklər baş verməkdədir” - ŞƏRH EDİLDİ

6 Mart 2025 11:36 (UTC+04:00)

“Heydər Əliyev Naxçıvanda olarkən həm Naxçıvan əhalisinin bu bölgəni tərk etməsinin qarşısını aldı, həm də çox təhlükəli xarakter almış erməni təcavüzü qarşısında Naxçıvanın müdafiəsini təşkil etdi. Həmin dövrdə Naxçıvanda bir qarış belə ərazi ermənilər tərəfindən işğal olunmadı. Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövrdə Naxçıvanın ərazisi erməni hücumlarından göz bəbəyi kimi müdafiə edildi və bir qarış belə torpaq ermənilərə güzəştə gedilmədi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Aydın Quliyev sözlərinə belə davam edib: “Eyni zamanda, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Naxçıvanda Türkiyə-Azərbaycan qardaşlığının çox böyük gələcəyinin əsası qoyuldu. Həmin qoyulmuş təməl üzərində qurulan və yaradılan əməkdaşlıq bu günə qədər davam edir və hələ də böyük inkişaf potensialına malikdir. Həmin illərdə Naxçıvanın təhlükəsizliyi və müdafiəsi üçün olduqca böyük önəm kəsb edən “Qars müqaviləsi” bir daha aktuallaşdırıldı və bölgədə sülhün təhlükəsizliyini taleyini həll edən ən vacib hüquqi sənədlərdən birinə çevrildi. Bəlkə də o zaman “Qars müqaviləsi” aktuallaşdırılmasaydı, bu günədək tarixdə mövcud olmuş hüquqi bir sənəd kimi unudulub getmişdi. Amma nəinki unudulmadı, hətta bu gün də Azərbaycan-Türkiyə qardaşlığının fundamental hüquqi əməkdaşlıq sənədlərindən biridir.

Məhz bunun davamı olaraq Şuşa Bəyannaməsi sonradan meydana çıxdı və eləcə də Vətən müharibəsində Türkiyə-Azərbaycan qardaşlığı öz gücünü hərbi, siyasi və diplomatik nöqteyi-nəzərdən bir daha ortaya qoydu.

Bu gün Naxçıvanın taleyində önəmli dəyişikliklər baş verməkdədir və məhz burada Azərbaycan-Türkiyə qardaşlığının qoyulmuş böyük təməli üzərində türk dövlətləri təşkilatı kimi yeni regional beynəlxalq bir təşkilat formalaşdı. İlk dəfə olaraq 2009-cu ildə Naxçıvanda türkdilli dövlətlərin toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı. Sonradan bu təşkilat daha da inkişaf edərək, güclənərək Türk Dövlətlərinin Təşkilatına çevrildi. Bu gün həmin təşkilatın çox böyük siyasi, diplomatik, iqtisadi, ticarət və hətta hərbi gələcəyi barədə mülahizələr yürüdülür. Türk Dövlətləri Təşkilatı Avrasiya regionunda öz sözünü deməyə qadir olan bir təşkilata çevrilməkdədir ki, bu da məhz Naxçıvanda əsası qoyulmuş Azərbaycan-Türkiyə real qardaşlığının mexanizmasının üzərində pərvəriş tapır.

Naxçıvanın bu gün iqtisadi, ticarət problemlərinin həll olunmasında da Türkiyə ilə əməkdaşlıq rol oynayır ki, bunun da əsası məhz 90-cı illərdə qoyulub. Məhz o illərdə Türkiyədən Naxçıvana elektrik xətti çəkilmişdi, elə həmin dövrdə Türkiyədən Naxçıvana humanitar yardımlar gəlirdi. Bu xətlərin üzərində ticarət və iqtisadi əməkdaşlıqlar bu gün də davam etməkdədir. Biz artıq İğdır-Naxçıvan qaz kəmərinin işə düşməsi ilə hələ 90-cı illərdə Naxçıvana kəsilmiş Azərbaycan qazını bir daha bərpa etmiş oluruq. 90-cı illərin əvvəllərinə qədər Azərbaycandan bizim lənətullah düşmənlərimizin ərazisindən keçərək Naxçıvana qaz nəql olunurdu. Amma düşmənlərimiz, ermənilər, həmin qazı dayandırmışdılar.

Bu gün məhz Türkiyə-Azərbaycan qardaşlığının üzərində Azərbaycanın əsas hissəsindən təcrid olunmuş Naxçıvan artıq enerji təchizatı problemini tam şəkildə həll edib. İğdırdan Naxçıvana çəkilən qaz kəməri məhz Azərbaycan qazının Naxçıvana nəql olunmasından ibarətdir. Yəni ki, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun hətta Naxçıvana birləşdirilməsi layihəsi də gerçəkləşəcək. Və bütün bunların üzərində olan daha böyük nailiyyət isə Zəngəzur dəhlizinin ya Arazboyu-İran ərazisindən, ya da Qərbi Zəngəzurun ərazisindən açılmasından ibarət olacaq ki, bu da əslində Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının təsiri altında meydana gəlmiş bir təzahürdür. Çünki Ermənistanın özünə qalsa, bu dəhlizləri aşmayacaq, amma Türkiyə-Azərbaycan birgə təzyiqləri Ermənistanın nəhayət ki, bu məsələdə güzəştə getməyə vadar edəcək. Bir sözlə, Naxçıvandan başlayan Türkiyə-Azərbaycan qardaşlığı bu gün özünün böyük tarixi mərhələsini yaşayır”.

Ayşən Vəli