"Bəzi müayinələr mərhələli şəkildə icbari tibbi sığorta ilə təmin olunur" - MÜNASİBƏT BİLDİRİLDİ

6 Mart 2025 11:28 (UTC+04:00)

“İcbari Tibbi Sığortanın tətbiqi ilə Azərbaycan vətəndaşları 3 mindən artıq tibbi xidmət, tibbi prosedurlar və maliyyə, müalicə tədbirlərini icbari tibbi sığorta çərçivəsi içərisində heç bir vəsait ödəmədən bu xidmətləri ala bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: “İcbari tibbi sığortanın tətbiq olunduğu ilk gündən strateji məqsəd ondan ibarət idi ki, Azərbaycan vətəndaşlarını sağlamlığı ilə əlaqədar narahat edən bütün problemlər və müraciətlərin hər biri tibbi sığorta çətiri altına alınsın. Təbii ki, bunun üçün müəyyən proseslərin formalaşması və ən mühüm məsələ isə icbari tibbi sığorta fondunda vəsaitlərin toplanmasıdır. Buna görə də biz icbari tibbi sığorta fondunda vəsaitlərin artması ilə xidmətlər zərfinin genişlənməsinə şahid oluruq və xidmətlərin genişlənməsinin də müəyyən qaydaları var. Bu da Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

Onkoloji xəstəliklərin icbari tibbi sığorta çərçivəsində maliyyələşdirilməsi məsələsində həm kifayət qədər vəsait lazımdır, həmçinin də bu vəsaitlər müəyyən bir səviyyəyə çatdıqdan sonra bütün onkoloji xəstəliklərin hər biri bu sığorta çərçivəsində dəyərləndirilə bilər. Hal-hazırda artıq ilk addımlar atılmışdır. Bəzi müayinələr onkoloji xəstəliklərlə əlaqədar mərhələli şəkildə icbari tibbi sığorta ilə təmin olunur. Amma təbii ki vəsait kifayət qədər olduqdan sonra mən düşünürəm ki, onkoloji xəstəliklərlə bağlı hər müayinənin icbari tibbi sığorta ilə olması vacib məsələdir.

Bu məsələlərin əhəmiyyəti isə ondan ibarətdir ki, onkoloji xəstəliklərin müalicəsində çox böyük vəsaitlərə ehtiyac olur. Bu xidmətlər dövlət proqramı çərçivəsində qarşılansa belə bu yetərli deyil. Çünki vətəndaşlarımızın müayinələrə çox böyük vəsaitə ehtiyacı olduğuna görə əgər bu xəstəliklər icbari tibbi sığorta əhatəsinə alınarsa bu vəsaitlərin hər biri icbari tibbi sığorta tərəfindən qarşılandığına görə həm insanlarımızın sağlamlığı, həm də həyat keyfiyyətinin artmasında mühüm addım olardı”.

Ayşən Vəli