"Azərbaycan Prezidentinin qardaş Türkiyəyə səfər etməsi mühüm tarixi hadisə ilə əlaqədar idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.
Deputat bildirib ki, bu görüş İğdırdan-Naxçıvana qaz kəmərinin çəkilişinin başa çatması və onun açılışı münasibətilə idi: "Bu tarixi addım idi, çünki biz 1990-cı illərin əvvəlində Naxçıvanın blokadaya salınmasının və Naxçıvan əhalinin ağır vəziyyətə düşməsinin şahidi olmuşuq. Naxçıvanla Azərbaycanın birbaşa quru yolla əlaqəsi olmadığına görə, kommunikasiya baxımından Azərbaycan Prezidentinin siyasəti ondan ibarətdir ki, bu boşluğu doldursun. Qaz kəməri açıldıqdan sonra, gələcəkdə “Bakı-Tbilisi-Qars-İğdır-Naxçıvan dəmiryolu” məsələsi gündəmdə olacaq. Amma bütün bunlar yalnız məsələnin bir tərəfidir. Azərbaycan Prezidenti açılış mərasimindəki nitqində bildirdi ki, “Zəngəzur ermənilərə qanunsuz verilib”.
Onun sözlərinə görə, doğurdan da Azərbaycan xalqının iradəsindən kənar olaraq, 1921-ci ildə Rusiya Sovet Bolşeviklər Partiyası tərəfindən, Zəngəzurun qərb hissəsi qoparılaraq Ermənistana verildi. Bundan sonra Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşdü: "Ona görə də bu tarixi ədalətsizlik yenidən qiymətləndirilməlidir. Biz Naxçıvan ərazisindəki vətəndaşların rifahından, coğrafi-mövqe etibarilə təhlükəsizliyindən bir halda əmin ola bilərik ki, Azərbaycandan-Naxçıvana quru yolla əlaqə təmin edilsin. Bu da yalnız Zəngəzur dəhlizindən keçir. Düşünürəm ki, Azərbaycan Prezidentinin bu məsələni xatırlatması təsadüfi deyil. Bundan sonra Azərbaycan siyasətinin qarşısında duran əsas məsələ strateji baxımdan yaradılmış süni boşluğu doldurmaqdan ibarətdir. Çünki bu nəticə etibarilə həm də türk dünyasının coğrafi bütövlüyünün quru sərhədləri ilə birləşdirilməsi deməkdir. Ona görə də Ermənistan Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.
Azərbaycanın bütün vətəndaş cəmiyyəti, hüquq institutları və təsisatları da Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı yeni hüquqi axtarışlara başlamalıdır. Çünki baş verən ədalətsizlik beynəlxalq hüquqa ziddir. Bu məsələ hal-hazırda gündəmdə saxlanılır".