Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, martın 3-5-də muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən SİA-ya bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, çaysahili zonalar və digər ərazilərini əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanıb. Muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb, habelə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Hazırda epizootoloji məlumatlar toplanaraq təhlil edilir. Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar "Epicollect5" proqramına daxil edilib.
Monitorinq zamanı götürülmüş nümunələrin Naxçıvan Qida Təhlükəsizliyi İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılır.