Bu gün ölkəmizdə idman gimnastikası üzrə Dünya kubokuna start veriləcək

6 Mart 2025 10:05 (UTC+04:00)

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya kubokuna start veriləcək. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq yarış 4 gün davam edəcək.

Dünya kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (4 alətdə) və Dəniz Əliyeva (4 alətdə) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya kubokunda 19 ölkə mübarizə aparacaq. Yarışın ilk günündə təsnifat mərhələsi baş tutacaq.