"Hazırda əmək bazarı üçün keçərli olmayan, dövrün tələblərinə cavab verməyən, tamamilə başqa məzmun və standartlara malik olan ixtisaslar “ölü ixtisaslar” kimi dəyərləndirilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
O bildirib ki, həmin ixtisaslar öz zamanını başa vurur, müəyyən zaman və məkan çərçivəsində öz effektivliyini bitirir: "Ali təhsil müəssisələrinə qəbulda hələ də bəzi ixtisaslar var ki, gələcəkdə “ölü ixtisas” statusunu qazanacaq. Çünki ixtisasın effektivliyini, faydasını müəyyən edən kateqoriya əmək bazarındakı mövqeyidir.
Bu gün biz “Post-neft dövrü” üçün çalışırıq. XXI əsr süni intellekt dövrü başlayıb və getdikcə forma və məzmun cəhətdən onun tələblərinə cavab verməliyik. Biz belə dövrdə süni zəka profili üzrə ixtisaslara daha çox meyl edəcəyik. Bunu zaman özü tələb edəcək.
Oksford Universitetinin mütəxəssislərinin tədqiqatına əsasən, indiki ixtisasların 40%-nin gələcəkdə heç bir əhəmiyyət daşımayacağını bildiriblər. Həmin ixtisasları indidən “ölü ixtisaslar” adlandıra bilmərik. Bütün universitetlərdə tədris olunan “materialşünaslıq”, “metallurgiya”, “mədən sənayesi”, “sənaye mühəndisliyi”, “cihaz mühəndisliyi” kimi ixtisaslar gələcəkdə bir çox istiqamətlərdə ya sıradan çıxacaq, ya da öz formasiyasını dəyişəcək.
Mən hər hansı bir ixtisasın ölü adlanmasına qarşıyam. Çünki həmin ixtisasa ömrünü həsr etmiş mütəxəssislərə, bu ixtisas üzrə təhsil alan tələbələrə qarşı haqsızlıqdır. Zamanın öz reallıqları var, həmin reallıqlar qaçınılmazdır. Biz də bu reallıqlardan qətiyyən qaça bilmərik. Biz burada bir ixtisasın ölü adlanmasını yox, onun hansı formasiya ilə dəyişməsini düşünməliyik.
Adı çəkilən ixtisasları nəzərdə tutub deyirəm ki, sənaye inqilabı dövrü çox geridə qalıb, artıq “İT dövrü”dür. Biz bu ixtisaslara “İT detallar”ını tətbiq etməklə, həmin ixtisasları inkişaf etdirə bilərik. Bir çox ixtisasları “ölməkdən” xilas edə bilərik. Bunu yalnız həmin ixtisasların məzmununu yeni dövrə uyğunlaşdırmaqla əldə etmək olar".
Müəllif: Həmid Əhədli