Məktəbin mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilən direktor müavininə cəza istənilib

5 Mart 2025 17:24 (UTC+04:00)

Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 20 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Qeyd edək ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.

İttihama görə, Natiq Mehdi saat 23:00 radələrində iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.

Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub.