"Sosial şəbəkələrə daxil olduqda görürük ki, tamaşaçıların əksəriyyəti televiziyadakı verilişlərin keyfiyyətini tərifləmir". Bu sözləri SİA-ya açıqlamasında jurnalist Kamran Həsənli deyib.
O bildirib ki, tək tamaşaçı yox, bundan bütün millət narazıdır: "Verilişlərin keyfiyyətsiz, ədəbsiz olması nəinki millətin zövqünə, ümumiyyətlə, səviyyəsinə uyğun gəlmir. Televiziyadakı verilişlərin keyfiyyəti, hətta 1990-cı illərdən də aşağı səviyyədə qalıb. Bu gün televiziyamızda olan ədəbsiz, tərbiyəsiz, əxlaqdan uzaq olan mənzərə “illüziya”dır. Əslində millətimiz bu səviyyədə deyil. Düşüncəmə görə, bunu aradan qaldırmaq üçün həmin mənzərəni efirdən silib, yeni televiziya formatı qoymaq lazımdır. Yəni normal televiziya formatı qoymaq lazımdır, hansı ki, həmin format beynəlxalq mediada öz əksini tapır. Televiziya təkcə təbliğat silahı deyil, eyni zamanda insanların istirahətini yaxşılaşdırmaq, əhvalını yüksəltmək üçün informasiya gətirir. Amma bizim televiziyadakı verilişlər yalnız əsəb, ürək bulantısı gətirir. Bu gün Azərbaycan xalqı televiziyaya baxmır, biabırçı səhnələri isə sosial şəbəkələrdə paylaşıb, tənqidi fikirlər səsləndirilir. Əgər sosial şəbəkələr olmasa, televiziya olmaz. Sosial şəbəkələr isə efirdəki ən biabırçı səhnələri bölüşür.
Bu gün dövlət kanallarından başqa, bütün kanalların mənzərəsi eynidir. Çünki dövlət kanallarının konsepti başqadır. Düşüncəmə görə, həmin konseptlər də televiziya üçün zəifdir, bu səviyyədə olmamalıdır. Dövlət televiziyalarının yeganə mənfi cəhəti baxış sayının azlığıdır".
Müəllif: Həmid Əhədli