8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Beynəlxalq Qadınlar Günü
Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 -martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Tarixi
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.
1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.
1911-ci ildə Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.
1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu, böyük ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu.[5] 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. Silvia Pankurst (Sylvia Pankhurst) Çaring Kross stansiyasının qarşısında, nitq söyləməkçün Trafalqar meydanına gedərkən həbs olunmuşdu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. Həmin gün qadınlar Sankt-Peterburqda "Çörək və Sülh" üçün, Birinci Dünya müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və Çarizmin son bulmasını tələb edərək tətilə çıxdılar. Lev Trotski yazırdı, "23 fevral (8 mart) Beynəlxalq Qadınlar günü idi və üfüqdə yeni mitinqlər və aksyalar görünürdü. Amma biz təsəvvür etmirdik ki, bu Qadınlar Günü inqilabın inaqurasiyası ola bilər. İnqilabi aksiyalar öncədən görünürdü amma tarixsiz şəkildə. Lakin səhər, əks göstərişlərə baxmayaraq tekstil işçiləri bir neçə fabrikdə işi tərk elədilər və tətilə dəstək verilməsini xahiş etməkçün öz nümayəndələrini göndərdilər… bu kütləvi tətilə apardı… hamı küçəyə axışdı".
Oktyabr inqilabından sonra Bolşevik Aleksandra Kollontay və Vladimir Lenin bunu SSRİ-də rəsmi bayram elan etdilər amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi, "kommunist quruluşunda Sovet qadınının ləyaqətinin xatırlanmasıyla, Böyük Vətən Müharibəsi zamanı vətənin müdafiəsilə, onların ön və arxa cəbhədəki qəhramanlıq və fədakarlıqlarıyla və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə qadınların böyük töhvəsini vurğulamaqla və sülh uğrunda mübarizəylə. Amma yenə də, qadınlar günü başqa bayramlar kimi keçirilməlidir".
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələrinin 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etməsindən sonra müşahidə olunmuşdur.
Beynəlxalq Qadınlar Günü Azərbaycanda
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Analar günü
Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-də və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.
SİA araşdırma apararaq tarixçi və sosioloqun mövzu ilə bağlı fikirlərini öyrənib.
“Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, t.ü.f.d. Ədalət Mustafayev: "Cəmiyyətin elə ilk dövrlərindən etibarən qadınların da kişilərlə bərabər mübarizəsi davam etmişdir. Bu baxımdan 8 mart qadınlar bayramı əmək mübarizəsinin gedişində yaranmış bir gündür. Daha sonra bu bayram kimi qeyd edilməyə başlayır. Əgər bu bayramın tarixinə nəzər salsaq görərik ki, ilk dəfə qadınlar iş şəraitinin yüngülləşdirilməsi haqqında etiraza qalxırlar. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində qoyulmuşdur. Orada fabrikdə çalışan yüzlərlə qadının aşağı maaşa, iş saatının çoxluğuna, eyni zamanda şəraitsizliyə etiraz olaraq tətil etməsi olur. Lakin həmin dövrdə güc strukturları aksiyanın uzun sürməsinə izin verməyərək nümayişin qarşısını alırlar. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. Klara Setkinin də bu mübarizəsi 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib
8 Mart Qadınlar bayramını qeyd edərkən xalqımızın və dövlətimizin bu əlamətdar günə münasibətinə şərh vermək daha məqsədəuyğun olar. Azərbaycan tarixinə adını qızıl hərflərlə həkk etmiş igid qadınlarımız çoxdur. Bu gün torpaqlarımızı düşmən işğalından azad etmiş igid oğullarımızı böyüdüb Vətənə ərməğan etmiş analarımız qarşısında baş əyərək, vaxtilə nəsillərə örnək olan qəhrəman qadınlarımız haqqında da geniş məlumatlar paylaşmağa borcluyuq. Tomris Xatun tariximizdə ilk qadın hökmdar kimi xatırlanır. Bu gün qədim dünyanın dəmir ledisi kimi tanınan Tomris Azərbaycanın şanlı tarixinə qızıl həriflərələ adını yazdırmış və hələ qədim dövürdən qadınların heçdə geri qalmadığnı bir daha göstərmiş tarixi bir şəxsiyyətdir. Həmçinin Şərqin ilk diplomatik Qadını Sara Xatunda orta əsrlərin tarixi qadın şəxsiyyətlərindəndir.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şərəfli ilklərdən biri də bütün təbəqələrdən olan qadınlara seçki hüququnun verilməsidir. Bu tarixi bir hadiə kimi yer alır. Müqayisə üçün xatırlatmaq yerinə düşərdi ki, ABŞ-da qadınlara ilk dəfə 1920-ci ildə seçmək hüququ verilib. İndi Avropanın qabaqcıl ölkələrindən sayılan Fransada qadınların səsvermə hüququ yalnız 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə qəbul edilib.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bu mütərəqqi addımın atılması həmin dövrdə Şərqin ilk müstəqil respublikasının hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyinin, həm də ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq göstəricisi idi. Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin vurğuladıqları kimi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan Respublikasında da müstəqillik əldə olunduqdan sonra həm hüquqi dövlət quruculuğu, həm də gender siyasəti istiqamətində uğurlu islahatlar həyata keçirilir.
Hələ 100 il əvvəl ən önəmli vətəndaş hüquqlarından birinə-seçmək və seçilmək hüququna sahib olan Azərbaycan qadınının hazırda da gender siyasətinin tələblərinə müvafiq olaraq kişilərlə hüquq bərabərliyi təmin olunub. Müasir Azərbaycan qadınıı bütün dövlət strukturlarında fəal şəkildə təmsil olunur. Azərbaycan qadınları dövlət idarəçiliyində yaxından iştirak edir və cəmiyyətin, dövlətin inkişafına öz qiymətli töhfələrini verir. Milli-mənəvi dəyərləri hər şeydən üstün tutan Azərbaycan qadınları həmişə nəcib təşəbbüslərin, xeyirxah əməllərin tərəfdarı və icraçısı kimi tanınırlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadınının tarixən malik olduğu ali keyfiyyətləri müşahidə etmək mümkündür.
Həmçinin uzun illərdir Heydər Əliyev Fondunun prezidenti vəzifəsini icra edən Mehriban xanım Əliyevanın fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasını və intellektual inkişafın genişlənməsini əhatə edir. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də dünyada elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı ilə bağlı çox önəmli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında gender problemlərinə xüsusi diqqət yetirilir, qadınlara qarşı bütün zorakılıqların qarşısının alınması istiqamətində işlər görülür. Bununla da ölkənin Birinci vitse-prezidenti əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan gender bərabərliyinin təminatı ənənələrinin layiqli davamçısı rolunda çıxış edir.
Ölkəmizdə qadının cəmiyyətdəki yeri və rolu dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadını analıq missiyasını yerinə yetirməklə bərabər, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, sadiq dövlət məmuru, yüksəkixtisaslı peşəkar mütəxəssisdir. Bu cür fəal həyat mövqeyi respublikamızda uğurla həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Qarşıdan isə 8 mart Beynəlxalq Qadınlar Günü gəlir. Bu gün ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Cəmiyyətimizin baş tacı olan qadınlarımızı mən də bu bayram münasibəti ilə təbrik edir, onlara xobəxt həyat arzulayıram".
Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev: "İnsanın təbiətində həm qadın, həm də kişi hədiyyə qəbul etməyi sevmək var. Ancaq bu məsələdə qadınlar bir addım öndədir. Qadınlar, xüsusən əks cinsin nümayəndəsindən diqqət gözləyirlər. Kişilərin qadınlara göstərdiyi diqqət formalarından biri də hədiyyə verməkdir. Hər bir kişi istər anasına, istər bacısına, istərsə də həyat yoldaşına və qız övladlarına mütəmadi olaraq hədiyyələr almalıdır.
Hədiyələşmək, həmçinin insani və qohumluq bağlarını möhkəmləndirən bir ənənədir. Ölkəmizdə qadınlara hədiyyə vermək ən çox 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə baş verir. Bu günün bayram kimi qeyd olunmasının isə öz tarixçəsi var. İlk dəfə 1909-cu ildə ABŞ-da, sonra isə 1910-cu ildən başlayaraq beynəlxalq miqyasda qeyd olunmağa başlanıb. Lakin cəmiyyətimizin əsasən müsəlman olduğunu nəzərə alaraq, bu günün dini və mental dayanıqlı bir əsası olmadığını da qeyd etmək lazımdır.
İslamda qadınlara hədiyyə vermək bəyənilən bir əməl sayılır, amma bunun üçün xüsusi bir gün təyin olunmayıb. Əslində, kişi öz maddi imkanları daxilində, himayəsində olan qadınlara mütəmadi olaraq hədiyyə verməli, onlara qarşı diqqətini və dəyərini ifadə etməlidir. Hədiyyənin keyfiyyəti, forması və maddi dəyəri qadın üçün əsas məsələ olmamalıdır. Hədiyyənin ən önəmli tərəfi, onun şəxsi diqqət və sevgini göstərməsi, qadına verilən dəyərdir.
Hədiyyələrin məzmunu maddi olaraq müxtəlif ola bilər. Kimi həyat yoldaşına maşın, kimisi isə sadə bir ətir və ya geyim hədiyyə edə bilər. Buradakı əsas məqam, hədiyyənin qiymətindən daha çox, qarşı tərəfə verilən dəyərdir. Hədiyyələr maddi dəyərdən daha çox emosional və mənəvi qiymətə sahib olmalıdır. Nəticə olaraq, hədiyyə vermək yalnız material bir jestdən ibarət deyil, həm də münasibətlərin, sevginin, hörmətin və diqqətin bir ifadəsidir. Hədiyyələr, insani əlaqələri möhkəmləndirir, qarşılıqlı anlayışı artırır və insanların bir-birlərinə olan dəyərlərini gücləndirir".