“Adobe Systems Software Ireland Limited” ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

5 Mart 2025 16:16 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Adobe Systems Software Ireland Limited” şirkətini ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alıb. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qeydiyyat martın 1-dən qüvvəyə minib. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar ƏDV məbləği hesablamayacaq.

“Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop” və digər proqram məhsulları vasitəsilə istifadəçilərə rəqəmsal yaradıcılıq və biznes həlləri təqdim edən şirkət İrlandiyada qeydiyyatdan keçib və fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir.

Ötən ilin sonlarında “Apple Distribution International Limited” şirkəti də ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar elektron xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.